Multikulturalizm Mərkəzi universitetlərdə monitorinq aparır FOTOLAR

Multikulturalizm Mərkəzi universitetlərdə monitorinq aparır FOTOLAR

Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının və onun uğurlu layihə kimi davamlılığının təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə monitorinq aparılır. Bakı Beynəxalq Multikulturalizm Mərkəzindən SİA-ya verilən xəbərə görə, bu həftə Kooperasiya Universitetində, Qərb Universitetində və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında monitorinq keçirilib. Kooperasiya Universitetində Azərbaycan Multikulturalizmi fənnini bu ilin payız semestrindən Nizami Məhərrəmov tədris edir. Ekspertiza və texnologiya fakültəsində 50 tələbəyə tədris olunan multikulturalizmə giriş fənninin budəfəki mühazirəsi "Dünya ölkələrində Multikulturalizmin fərqli modelləri" mövzusuna həsr olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bu fənni Cahangir Cahangirli tədris edir. Monitorinq zamanı tələbələr multikulturalizm modelləri və Azərbaycan dövlətinin multikulturalizm siyasəti haqqında təqdimatlarla çıxış ediblər. Akademiyada monitorinq aparan Mərkəzin analitika-informasiya şöbəsinin müdiri Nəriman Qasımoğlu magistrlara Azərbaycan multikulturalizminin tədris edilməsinin xüsusi önəm daşıdığını bildirib. O, multikulturalizm məsələləri fonunda tələbələrin, eyni zamanda, Azərbaycan ədəbiyyatı, tarixı, elmi-fəlsəfi fikri barədə də biliklər əldə etdiklərini vurğulayıb.

Nəriman Qasımoğlu Qərb Universitetində də monitorinq keçirib. Burada multikulturalizmə giriş fənnini Müşfiq Şükürov bakalavr pilləsində təhsil alan 36 tələbəyə tədris edir. Fənn tələbələr tərəfindən maraqla dinlənilir.

Monitorinqlərin sonunda tələbələrə fənnin tədrisi ilə bağlı fikirlərini əks etdirən sorğu vərəqələri təqdim olunub.

Qeyd edək ki, Mərkəzin təşəbbüsü ilə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə