30 hektar yeni meşəlik salınacaq Qaxda

Bu il Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən rayon ərazisindəki dövlət meşə fonduna aid 60 hektar sahədə yeni meşəliklərin salınması nəzərdə tutulub. Meşəçilər yaz əkini dövründə artıq 30 hektar sahədə yeni meşəliklər salıblar. Hazırda isə payız əkininə başlanılıb.

Müəssisədən bildiriblər ki, daha 30 hektar sahədə yeni meşəliklərin salınması nəzərdə tutulur. Bu məqsədlə müəssisədə 190 min ting yetişdirilib. Meşəçilər artıq 6 hektar sahəyə müxtəlif növ ağac tingləri əkiblər və bu iş davam etdirilir. Əkində qoz, akasiya, palıd, göyrüc və digər ağac növlərinə üstünlük verilir.

Eyni zamanda, payız-qış mövsümü ilə əlaqədar müəssisə və təşkilatların, həmçinin vətəndaşların odun yanacağına tələbatının ödənilməsi məqsədi ilə lazımi tədbirlər həyata keçirilir. İndiyədək 3 min kubmetr odun tədarükü təmin olunub.

Xatırladaq ki, hazırda Qax rayonunun ərazisində dövlət meşə fonduna aid 30 min 965 hektar meşə sahəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə