Əmlak bazarındakı qiymətlər stabilləşir Proqnoz

Əmlak bazarındakı qiymətlər stabilləşir Proqnoz

"Keçən il əmlak bazarında qiymətlər şişirdilmişdi". Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev deyib.

O bildirib ki, daşınmaz əmlak üzrə qiymətlərin artma-azalma tendensiyası iki şəraitdən asılıdır. Onun sözlərinə görə bunlardan ilki iqtisadi şəraitdir: "Əgər ölkə iqtisadiyyatı inkişaf edirsə bu zaman əmlak bazarında qiymət artımı müşahidə edilməyə başlayır. İqtisadi tənəzzül gözlənilən zaman isə qiymətlər avtomatik şəkildə enir. İqtisadi şəraitlə bağlı daşınmaz əmlak bazarındakı qiymət dəyişikliyi həmişə bir istiqamətdə gedir.

Digər tərəfdən əmlak bazarındakı qiymətlər bazar xüsusiyyətlərinə görə də dəyişir. Bu da bazardakı tələb və təklifdən asılıdır. Əgər tikinti işlərinin həcmi artırsa bu zaman təklif də artır. Hətta iqtisadi inkişaf pik nöqtədə olduğu halda belə təklif çoxdursa bu zaman qiymət artımı baş vermir".

Ekspert bildirib ki, əslində dövlətə qiymətlərin nə çox baha, nə də çox ucuz olması sərf etmir, qiymətlərin normal səviyyədə saxlanılması daha yaxşı effekt verir: "Qiymətlər normal səviyyədə olduqda vətəndaşlar öz mənzil tələbatlarını daha rahat ödəyə bilirlər. Mənzilin qiyməti normal olduqda tikinti sektorunda da müəyyən inkişaf nəzərə çarpır".

O qeyd edib ki, qiymətlərin həddən artıq aşağı olması da tikinti sektoruna zərbə vura bilər: "Elə qiymətlər tətbiq edilməlidir ki, həm tikinti sektoru inkişaf etsin, həm də əhalinin mənzil tələbatı ödənsin. Hazırda əmlak bazarındakı qiymətlər normal şəraitə düşüb. Keçən il qiymətlər əmlak bazarındakı qiymətlər şişirdilmişdi. İndi isə qiymətlər normal səviyyədə stabilləşir".

Bütün xəbərlər Facebook səhifəmizdə