Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitunun direktoru, AMEA-nın həqiqi üzvü, filologiya elmlər doktoru, akademik Tofiq Hacıyevlə vida mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, təhsil naziri Mikayıl cabbarov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, AMEA rəhbərliyi, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, mərhumun ailə üzvləri, həmkarları və digər şəxslər iştirak edib.
Vida mərasimində çıxış edənlər dilçi alimin Azərbaycan elmində, xüsusilə dilçiliyin inkişafında əvəzsiz xidmətinin olduğunu vurğulayıblar. Akademikin vəfatını Azərbaycan elminə ağır itki kimi qiymətləndiriblər. Mərhumun xeyirxah və alicənab insan, istedadlı alim, ləyaqətli şəxsiyyət kimi işıqlı xatirəsinin onların qəlbində daim yaşayacağını bildiriblər.
Vida mərasimindən sonra mərhum II Fəxri Xiyabanda dəfn olunub.
Qeyd edək ki, Tofiq Hacıyev 1936-cı il mayın 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1962-1968-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitunda müəllim, dosent, 1969-1970-ci illərdə Azərbaycan Dövlət Universitetində dosent, 1970-1984-cü illərdə Türkologiya kafedrasında professor, 1984-cü ildə həmin kafedranın müdiri olub. 1993-cü ildə Azərbaycan Respublikasının Maarif naziri vəzifsində çalışıb. 1962-ci ildə filologiya elmləri namizədi, 1969-cu ildə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib. Dilçi alim 2006-cı ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədri olub, 1995-ci ildən Türkiyə Cumhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü seçilib, 1998-ci ildə Türkiyə Cumhuriyyətinin "Ləyaqət nişanı" ilə təltif edilib. 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adını almış, səmərəli elmi fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB