Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yenilikçi gənclər gələcəyin idarəediciləri kimi" adlı layihənin açılış tədbiri olub. Tədbirdə xeyli sayda gənc iştirak edib.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Aysel Həsənli açaraq layihənin yaranma zərurəti, ideyası, məqsədləri və gələcək gözləntiləri barədə ətraflı məlumat verib: "Qeyd edim ki, layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində idarəçilik mövzusunda təlimlər keçiriləcək. Bu təlimlərdə Azərbaycanın idarəçilik ənənələri, müasir dövrdə gənclərin idarəetmədə artan rolu və bu sahəyə informasiya texnologiyalarının tətbiqi məsələləri gənclərin nəzərinə çatdırılacaq".
Çıxış edən YAP Gənclər Birliyinin Ofis rəhbəri Əli Pənahov partiyanın həyata keçirdiyi uğurlu gənclər siyasətindən söz açıb: "Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası hər zaman gənclərə xüsusi diqqətlə yanaşmışdır. Onlar tərəfindən gələn təşəbbüsləri yüksək qiymətləndirən YAP gənclərə ideyalarını reallaşdırması üçün lazımi hərtərəfli dəstəyi göstərmişdir. Bu siyasət bu gün də dövlət başçımız, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir".
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və Beynəlxalq Əlaqələr sektorunun baş məsləhətçisi Vüsalə Niftəliyeva fondun faəliyyət istiqamətləri, görulən işlər və həyata keçirilən layihələr haqqında geniş məlumat verib: "Gənclər Fondu olaraq biz daha çox gəncimizi dövlətimiz tərəfindən yaradılan bu imkandan istifadə etməyə çağırırıq. Gələcəyimiz olan gənclərimizin ideya məhsulu olan layihələri bizim üçün çox önəmlidir. Yetər ki, onlar da daha çox dövlətimiz tərəfindən prioritet kimi müəyyənləşdirilmiş sahələr üzrə layihələr təqdim etsinlər".
Layihəyə təlimçi kimi cəlb edilən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirov gənclərə üzünü tutaraq onları bu layihədə aktiv iştirak etməyə çağırıb.
Layihənin açılış tədbirinin sonunda gənclər onları maraqlandıran sualları layihə rəhbərinə və digər çıxışçılara ünvanlayaraq cavab alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB