SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir. Noyabrın 27-də Şəki, Zərdab, Lənkəran, Ağsu və Xaçmaz rayonlarının daha 14 kəndinə təbii qaz verilib. SİA-nın Dövlət neft Şirkətinə istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəki rayonunun 351 abonentlik Suçma kəndinin yenidən qazlaşdırılması ilə əlaqədar keçirilmiş tədbirdə bildirilmişdir ki, bu məqsədlə birpilləli sistem əsasında ümumi uzunluğu 18584 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 351 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Zərdab rayonunda keçirilmiş tədbirdə qeyd edilib ki, 524 abonentə malik Çallı kəndinə ilk dəfə təbii qazın verilməsi üçün həyata keçirilmiş işlər zamanı 43609 metrlik polietilen və metal boru xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Lənkəran rayonunun Zövlə kəndinə də ilk dəfə "mavi yanacaq" verilmişdir. 588 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 32131 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Həmin gün Xaçmaz rayonunun Gülalan, Qaraçı, Cığatay, Əbilyataq, İlxıçı, Qarabağlı və Niyazoba kəndləri də ilk dəfə qazlaşdırılıb. Bu münasibətlə keçirilmiş tədbirlərdə vurğulanıb ki, ümumilikdə 1164 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 92782 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 1164 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ağsu rayonunun ümumilikdə 355 abonenti olan Abasxanlı, Rəhimli, Şahboylu və Keşdiməz kəndlərinin qaz təchizatının bərpası münasibəti ilə keçirilmiş mərasimlərdə isə qeyd olunub ki, qazlaşdırma işləri zamanı 37 kilometrə yaxın polietilen və metal boru xətləri çəkilmiş, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib.
Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB