"İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində keçirilən Respublika Olimpiadasının final mərhələsinin qalibləri mükafatlandırılıb. SİA-nın məlumatına görə, Bakıda keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və olimpiadanın qalibləri iştirak ediblər.
Öncə layihəyə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qalibləri təbrik edərək, layihənin əhəmiyyətindən danışıb. Nazir müavini olimpiadanın Azərbaycanda yeniyetmələrin elm sahəsinə marağını daha da artırdığını, onların biliklərini daha da dərinləşdirdiyini bildirib. O, ölkəmizdə elm sahəsinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edib.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva layihənin ümumi təqdimatı ilə çıxış edib.
Tədbirdə olimpiada qalibləri diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılıblar.
Qeyd edək ki, artıq üçüncü mövsümdür ki, uğurla davam edən "İstedadların hazırlığı laboratoriyası" layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6 yarımbəndinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilir.
Layihə www.istedad.az saytı vasitəsi ilə həyata keçirilib. Layihə öz iştirakçılarını 3 online olimpiada turu vasitəsilə müəyyənləşdirib. Turda bu il ümumilikdə 900 nəfərdən çox yeniyetmə iştirak edib və onlardan 98 nəfəri finala vəsiqə qazanıb. Olimpiadada Bakı, Lənkəran, Sumqayıt, Astara, Bərdə, Qax, Qəbələ və s. rayon və şəhərlərdən 14-16 yaşda olan iştirakçılar 3 fənn-riyaziyyat, fizika və kimya üzrə yarışıblar.
Final Respublika olimpiadasının qalibləri üçün sonradan elmi düşərgələrdə beynəlxalq olimpiadalara hazırlıq məşğələləri də keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB