13 kəndin odun problemi bitdi

Noyabrın 26-da Zaqatala, Şəmkir, Tərtər və Cəlilabad rayonlarının daha 13 kəndinə təbii qaz verilib. SİA-nın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Zaqatala rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 276 abonentlik Aşağı Çardaxlar kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 17239 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Noyabrın 26-sı cəlilabadlılar üçün də əlamətdar olmuş, rayonun 7 kəndinə ilk dəfə təbii qaz verilib. Vurğulanıb ki, 963 abonenti olan Şiləvəngə, Babalı, Abazallı, Şabanlı, Qasımbəyli, Təklə və Abışabad kəndlərinin qazlaşdırılması zamanı 100 kilometrə yaxın müxtəlif diametrli qaz xətləri çəkilmiş, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz olunub.

Həmin gün Şəmkir rayonunun Dağ Cəyir kəndi ilk dəfə qazlaşdırılıb, Bayramlı kəndinə təbii qazın verilişi isə bərpa edilib. Bununla əlaqədar keçirilmiş tədbirlərdə qeyd olunub ki, ümumilikdə 831 abonenti olan kəndlərin qazlaşdırılması zamanı 85 kilometrdən artıq polietilen və metal boru xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tərtər rayonunun Cəmilli, Borsunlu və Bayandurlu kəndləri isə uzun sürən fasilədən sonra yenidən qazlaşdırılıb. Ümumilikdə 711 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə 55100 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 711 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə