AHİ-nin 110 illiyi qeyd edildi FOTOLAR - VİDEO

AHİ-nin 110 illiyi qeyd edildi FOTOLAR - VİDEO

Bu gün Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illiyi münasibətilə Dövlət Musiqili Teatrında yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyev, bir çox dövlət qurumlarının rəhbər və rəsmiləri, xarici ölkələrin Həmkarlar İttifaqları Konfederasiyalarının rəhbərləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S. Mehbalıyev AHİK-in 110 illiyi haqqında məruzə ilə çıxış edib. O, yubiley təbriklərini bildirdikdən sonra, tarixə nəzər salıb. Qeyd edib ki, AHİK-in müstəqil qurum kimi formalaşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Məhz Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və nəzarəti altında 1994-cü ilin fevralında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında "Həmkarlar ittifaqları haqqında" qanun qəbul edildi və bununla da təşkilatımızın normal fəaliyyətinə şərait yaradıldı. Qanun qəbul edilməklə həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri və statusu müəyyən edildi, qeyri-siyasi təşkilat kimi dövlət və təsərrüfat orqanlarından, siyasi sistemin digər vəsilələrindən asılılığı aradan qaldırıldı, bütün strukturlarında inzibati-amirlik sisteminə son qoyularaq sahə məsələlərinin həllində həmkarlar ittifaqlarının və orqanlarının müstəqilliyi təmin edildi, əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı, Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi.

Ulu Öndər həmişə bu qurumun fəaliyyətini izləməyə, ona yardım göstərməyə vaxt tapır, qurultaylarımıza təbrik məktubları göndərir, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirir, zəruri tövsiyələri verirdi".

Konfederasiya sədri bildirib ki, 2005-2015-ci illər ərzində həmkarlar ittifaqlarındakı xidmətlərinə görə 2 nəfərə "Şöhrət" ordeni, 4 nəfərə Prezident təqaüdü, 8 nəfərə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni verilib. Onun sözlərinə görə, 253 nəfər həmkarlar ittifaqı lideri "Tərəqqi" medalı ilə təltif edilib, 1 nəfərə "Əməkdar jurnalist", 53 nəfərə "Əməkdar mədəniyyət işçisi", 9 nəfərə "Əməkdar müəllim", 7 nəfərə "Əməkdar həkim", 6 nəfərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adları verilib: "AHİK-in yubiley medalları ilə təltif olunanların sayı 364 nəfərdir. 1532 həmkarlar ittifaqı lideri, fəalı, veteranı, ictimai xadim AHİK-in Fəxri fərmanını alıb. Bədii özfəaliyyət kollektivlərinə, spartakiada və müsabiqə qaliblərinə AHİK-in təsis etdiyi müxtəlif mükafatlar təqdim edilib".

S. Mehbalıyev Prezident İlham Əliyevin AHİK-ə hər zaman dəstək olduğunu, qurumun ölkədə sərbəst fəaliyyəti üçün yüksək şərait yaradıldığını deyib.

O, AHİK-in bütün dövlət qurumları ilə əməkdaşlıq etdiyini, beynəlxalq səviyyədə tədqirəlayiq işlər həyata keçirdiyini bildirib: "Beynəlxalq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi olaraq, AHİK xarici ölkələrin həmkarlar ittifaqları ilə həmrəylik və əməkdaşlığı getdikcə möhkəmləndirir, beynəlxalq həmkarlar ittifaqı hərəkatının aksiyalarında iştirak edir. AHİK güclü, fəal və innovativ milli həmkarlar ittifaqı mərkəzi kimi artıq özünü təsdiq edib. Bunun nəticəsidir ki, təşkilatımız 2000-ci ildə MDB ölkələrinin həmkarlar ittifaqları mərkəzləri arasında ilklər sırasında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına üzv qəbul edildi. Yeri gəlmişkən, bu demokratik təşkilat dünyanın ən böyük həmkarlar ittifaqı konfederasiyasıdır. Təsadüfi deyil ki, BHİK-in III qurultayında AHİK-in nümayəndəsi bu qurumun vitse-prezidenti seçildi. BHİK-də belə yüksək səviyyədə təmsil olunmağımız bizi Azərbaycanın rifahı naminə daha çox uğurlar əldə etməyə yönəldir. İndiyədək dünyanın 46 beynəlxalq təşkilatı və milli həmkarlar ittifaqı mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulub, 10 xarici həmkarlar ittifaqı qurumu ilə ikitərəfli müqavilələr bağlanıb. BƏT, BHİK, ÜHİK, Pan Avropa Regional Şurası ilə daima işgüzar əlaqələr qurur, vaxtaşırı beynəlxalq səviyyəli görüşlər və tədbirlər keçiririk.

Müstəqil Dövlətlər Birliyi ölkələrinin həmkarlar ittifaqı mərkəzlərini birləşdirən Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin və Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının səyyar iclaslarının 2014-cü ildə Bakıda keçirilməsi bunun əyani təzahürüdür. Təsadüfi deyil ki, ÜHİK-in İcraiyyə Komitəsinin iclasında Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini əks etdirən məruzənin iştirakçı ölkələrin müvafiq qurumlarına göndərilməsi və müsbət təcrübəsinin öyrənilməsi təklif olunub. ÜHİK-in rəhbərlərinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi beynəlxalq əməkdaşlıq baxımından bizim üçün çox önəmlidir".

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbir iştirakçıları və AHİK-in bütün üzvlərini təbrik edib. O, Azərbaycanda həmkarlar hərəkatının formalaşmasının tarixindən danışıb: "1920-ci ildən sonra Sovet respublikalarında olduğu kimi, Azərbaycanda da həmkarlar hərəkatı xüsusən zəhmətkeşlərin hüquqlarının müdafiəsi sahəsində formalaşmağa başlayıb. Kommunist partiyası dövründə bu qurum müstəqil fəaliyyət göstərə bilmir, daha çox sözügedən partiyaya, Sovet quruluşuna xidmət edirdi".

Ə.Həsənov qeyd edib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində həmkarlar hərəkatının müstəqil fəaliyyətinə şərait yaradılıb: "Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev AHİK-i daim diqqət mərkəzində saxlayır, qurumun müstəqil fəaliyyəti üçün hər cür şəraitin yaradılmasını təmin edir. Azərbaycan hökumətinin AHİK-ə ən böyük dəstəyi ondan ibarətdir ki, Sazişin hazırlanmasına lazımi şəraiti yaradılıb, qanunvericilik formasında təstiq edilib, AHİK iş verənlər və Sahibkarlar Konfederasiyası ilə birlikdə Azərbaycan vətəndaşının, işçilərin müdafiə sistemini ortaya qoyub. 1994-cü ildən başlayaraq AHİK-in fəaliyyətinə dəstək Azərbaycan hökumətinin yürütdüyü daxili siyasətin əsas istiqamətlərindən biri olub. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra AHİK-in rolu, yeri, vəzifələri, Azərbaycan cəmiyyətindəki mövqeyi bilavasitə dövlət baçısı tərəfindən müəyyən olunub və AHİK-ə ünvanlanmış müraciətlər qurumun qurultaylarında səsləndirilib".

O, AHİK-in son illərdəki uğurlu fəaliyyəti barədə danışıb və bütün həmkarlar hərəkatının üzvlərini bir daha təbrik edib. Daha sonra bir sıra dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq həmkarlar ittifaqları mərkəzlərinin nümayəndə heyətləri mərasim iştirakçılarına öz təbriklərini yetirib, xatirə hədiyyələri təqdim ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə orden-medallarla və fəxri adlarla təltif olunmuş həmkarlar ittifaqı fəallarına mükafatlar təqdim edilib.

Sonda tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciətləri oxunub.

Bütün xəbərlər Facebook səhifəmizdə