Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin ilk hesabatı

Rayon mədəniyyət müəssisələr ilə sıx əməkdaşlıq əlaqələri – Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas fəaliyyət prinsiplərindəndir
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin ilk hesabatı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində ilk hesabat iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, müəssisədə baş vermiş struktur islahatlarından sonra yeni strukturun effektivliyi və görülmüş işlərin səmərəliliyinin müzakirəsinə həsr olunmuş iclasda Mərkəzin direktoru ətraflı məruzə ilə çıxış etmiş və müvafiq təhlillər aparmışdır.

İclas zamanı xüsusi olaraq Mərkəzin iş planının müzakirəsi aparılmışdır. Belə ki, müəssisənin rəhbəri öz çıxışında Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev tərəfindən Mərkəzin qarşısında müəyyən etdiyi əsas strateji hədəfləri bir daha vurğulayaraq, bildirdi ki, müəssisənin fəaliyyəti və aparılan araşdırmalar əsas etibarı ilə tətbiqi xarakter daşımalıdır.

Sonra müəssisənin şöbə müdirləri rəhbərlik etdikləri struktur bölmələri tərəfindən görülmüş işlərinin hesabatlarını vermiş və cari ilin sonunadək planlaşdırılmış tədbirlər haqqında məlumat vermişlər. Mərkəzin gündəlik iş fəaliyyəti ilə bağlı və hazırlanması planlaşdırılmış metodiki tövsiyələrin müzakirəsi ilə davam edən iclasda mərkəzin fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edən qərarlar qəbul olunmuşdur.

Qısa müddət ərzində müxtəlif istiqamətdə görülmüş işləri bir daha vurğulayaraq müəssisənin direktoru bildirdi ki, mərkəz öz potensialını rayon mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə yönəltməlidir və bunun üçün rayon (şəhər) mədəniyyət və turizm şöbələri ilə sıx əməkdaşlıq əlaqələri qurulmalıdır. Yaradılan yeni yerli və beynəlxalq əməkdaşlıq əlaqələri, müəssisə tərəfindən hazırlanan metodiki tövsiyələr, həyata keçirilən tədbirlər bütövlüklə Nazirliyin rəhbərliyi tərəfindən verilən tapşırıqların səmərəli yerinə yetirilməsinə xidmət etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə