Yunanıstanlı səfir Caspian Energy-nin nümayəndə heyətini qəbul edib FOTOLAR
Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitris Tsunqas Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy-nin nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, görüş zamanı Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlıq məsələlərinə, Azərbaycan və Yunanıstanın biznes ictimaiyyəti səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub. "Mən Caspian European Club-un təşkil etdiyi bütün tədbirlərdə fəal iştirak edirəm", - deyə səfir vurğulayıb.
Dmitri Tsunqas qeyd edib ki, ikitərəfli əlaqələr bütün mümkün sahələrdə sürətlə inkişaf edir. "Ticari dövriyyə günbəgün artır. Mən artıq iki ildir Yunanıstanın Azərbaycanda səfiriyəm. Əvvəlki illərlə müqayisədə indi supermarketlərdə rəflərdə xeyli yunan məhsulu görürəm", - deyə səfir qeyd edib. Onun sözlərinə görə, "nəhəng TAP layihəsi cədvəl üzrə həyata keçirilir və 2020-ci ildə başa çatacaq. Layihənin həyata keçirilməsi zamanı meydana çıxan problemlər həll olunur".
O qeyd edib ki, TAP-ın inşasına 2016-cı ildə başlanılacaq. "Bir neçə gün əvvəl boru kəmərləri üzrə tender başa çatdı və yunan şirkəti tenderdə qalib gəldi. Layihə üzrə bütün işlər cədvəl üzrə aparılır", - deyə səfir bildirib.
"TAP işə salınanda biz görəcəyik ki, bir ilə 10 milyard kub metr qaz artıq kifayət etmir. O zaman daha çox qaza ehtiyac yaranacaq. Avropa dövlətlərinin enerjiyə tələbatının günbəgün artması göz önündədir", - deyə diplomat qeyd edib.
"Burada səfir kimi fəaliyyət göstərməyimdən məmnunluq duyuram. Missiyamı yerinə yetirməkdən zövq alıram. Bir çox istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək üçün xeyli imkanlar, ikitərəfli əlaqələri inkişaf etdirmək üçüm perspektivlər mövcuddur", - deyən Dimitris Tsunqas Azərbaycanda hal-hazırda üç yunan şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
"Azərbaycanda Yunanıstan tərəfinin iştirakı ilə müxtəlif layihələr həyata keçirilir. Məsələn, ətraf mühit sahəsində "Carteco" yunan şirkəti bu yaxınlarda BMT-nin layihəsində qalib gəldi. Bundan başqa, Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının açılış mərasimini unutmamalıyıq. Həmin möhtəşəm layihənin art-direktoru yunan idi. Olduqca mükəmməl mənzərə idi", - deyə səfir bildirib.
O həmçinin qeyd edib ki, iki həftə əvvəl Roma Universiteti (İtaliya), Parisin Sorbon Universiteti (Fransa) və Patra Universiteti (Yunanıstan) ilə Azərbaycanın üç universiteti və Azərbaycan Təhsil Nazirliyi arasında keçirilən növbəti layihədə iştirak etmək üçün Bakı Dövlət Universitetinə dəvət olunub.
Bundan başqa, Dimitris Tsunqas qeyd edib ki, Şahdağda fəaliyyət göstərən üç hoteldən ən kiçiyi "Shahdag Spa Hotel" çöl hissədən Yunanıstandan gətirilmiş süni daşlarla örtülüb. Üç hotel arasındakı məkan isə Yunanıstandan gətirilmiş daşlarla döşənib. Səfir həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda "Dreamland" adlı daha bir nəhəng layihə işlənib hazırlanır ki, bu işdə də həmin yunan şirkəti yaxından iştirak edir.
Dimitris Tsunqas həmçinin Elmlər Akademiyasının kitabxanasında binanın bir hissəsinin yunan şirkətinin gətirdiyi ağ yunan mərmərlə örtüldüyünü nəzərə çatdırıb.
Beləliklə, qeyri-neft sektorunda hər iki tərəfin cəlb olunduğu xeyli sayda müştərək layihələr mövcuddur, - deyə o qeyd edib.
"Son iki ildə ikitərəfli əlaqələrin inkişafında böyük inkişaf müşahidə edirəm. Addım-addım irəliləyir və müsbət nəticələr əldə edirik. Hər iki tərəf bir-birindən razıdır və əməkdaşlığı davam etdirmək niyyətindədir. Düzdür, bu, bir qədər vaxt aparacaq, amma məqsədə addım-addım yaxınlaşmaq əslində daha yaxşıdır – bu zaman əməkdaşlıq daha möhkəm, sabit və hərtərəfli olur", - deyə Dimitris Tsunqas qeyd edib.
Görüşün sonunda Dimitris Tsunqas Caspian Energy-yə eksklüziv müsahibə verib. Müsahibə zamanı səfir ikitərəfli əlaqələri, iqtisadi və investisiya əməkdaşlığını genişləndirmək imkanlarından bəhs edib, enerji bazarının inkişaf perspektivlərindən danışıb, turizm sektorunun və enerji əməkdaşlığının inkişaf məsələsinə toxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB