FHN quruda və dənizdə təlim keçirir

FHN quruda və dənizdə təlim keçirir

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə noyabrın 24-də quruda və dənizdə "Xəzər-2015" komanda-qərargah təlimi keçirilir. SİA-nın xəbərinə görə, təlimə FHN-in xilasetmə qurumlarının, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Müdafiə, Daxili İşlər, Səhiyyə nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının və bp şirkətinin şəxsi heyətləri, xüsusi texnika və avadanlığı cəlb edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin və Kompleks Qazma İşləri Trestinin ərazisində təşkil olunan təlimi fövqəladə hallar naziri Kəmaləddin Heydərov, İran İslam Respublikasının daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yüksək səviyyəli nümayəndə heyətləri, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri, müvafiq qurumların təmsilçiləri izləyir.

Təlimə 752 nəfər şəxsi heyət, o cümlədən FHN-dən 600, Müdafiə Nazirliyindən 60, Xüsusi Dövlət Mühafizə Xidmətindən 15, Dövlət Sərhəd Xidmətindən 25, Daxili İşlər Nazirliyindən 22, Səhiyyə Nazirliyindən 10, bp şirkətindən 20 nəfər cəlb olunub.

Təlim planına uyğun olaraq birinci mərhələdə fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza xilasetmə işlərinin həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış və obyektlərin təhvil verilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə