Nəsimi rayonunda abadlıq quruculuq işləri vüsət alır

Nəsimi rayonunda abadlıq quruculuq işləri vüsət alır

Son aylar Nəsimi rayonunda geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərinə başlanılıb. SİA-nın icra hakimiyyətindən aldığı məlumata görə, hazırda 4-cü mkr ərazisində Mir Cəlal küçəsi boyunca 3 hektara yaxın sahəni əhatə edən ərazidə yeni park salınır. Parkın ətrafında yerləşən Mir Cəlal küçəsi 2, 4, 16, 18, 36, 38, 40, 46 və 48 saylı binaların fasadlarında əsaslı təmir işləri aparılır, binaların dam örtüklərindən yağış sularını axıdan su novalçaları və borular yeniləri ilə əvəz olunur.

Əhalinin asudə vaxtlarını səmərəli keçirilmələri üçün mövcud parklarda yeni işıq dirəkləri quraşdırılır, əhalinin istirahəti üçün yeni söhbətgahlar, uşaqlar üçün əyləncəli idman qurğuları salınır. Hal-hazıradək mikrorayon ərazisində (Moskva prospekti 96, 20 Yanvar 32 və Cavadxan küçələrində) ümumilikdə 22 binanın fasadı əsaslı təmir edilib, həmin binalarda tikinti normalarına cavab verməyən qeyri qanuni inşa edilmiş 126 eyvan sökülüb, yeni müasir eyvanlar tikilib, binaların qapı və pəncərələri yenilənib, fasadları isə yüksək keyfiyyətli boya ilə rənglənib. 20 Yanvar küçəsi ev 32-də blokların girişlərinə kodlaşdırılmış qapılar qoyulmuş və pəncərələri yenisi ilə əvəz olunmuşdur. Əhalinin ümumi istifadəsində olmalı olan, lakin özbaşına hasara alınmış 4-cü mkr ərazisində yerləşən Cavadxan küçəsi 15, 19, 23A saylı binaların həyətlərindəki hasarlar sökülüb, ərazidə təmizlik işləri aparılıb, mövcud ağaclar budanıb, səliqə-səhman yaradılıb. Cavadxan küçəsi 27A, 29 saylı binanın fasadları əsaslı təmir olunub, yararsız vəziyyətə düşmüş qazon örtüyü yenisi ilə əvəz olunaraq həmişəyaşıl ağaclar və gül-çiçək kolları əkilib.

Bundan başqa M.Kazımovski küçəsi boyunca yolun kənarında yeni qazon örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. 20 Yanvar 23A saylı binanın fasadı əsaslı təmir olunub, ətrafında səliqə-səhman yaradılıb, 20 Yanvar küçəsindən Texniki Humanitar Liseyə gedən yol boyu bir sıra yaşayış binalarında əsaslı təmir işləri aparılıb, yeni yaşıllıq zolaqları salınıb, gül-çiçək kolları əkilib. Moskva prospekti boyunca mövcud yaşıllıq zolaqlarına qulluq edilməsi nəzarətə götürülüb, həmin prospektdə yerləşən körpüyə paralel yararsız vəziyyətdə olan yaşıllıqlar yenilənib, ərazidə yerləşən 16 mərtəbəli binanın fasadı yüksək keyfiyyətli boya ilə rənglənib. Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzatərdə saxlanılır. Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə