Bu qış Azərbaycanı nələr gözləyir? REPORTAJ

Bu qış Azərbaycanı nələr gözləyir? REPORTAJ

Ölkəmizdə artıq soyuq havalar başlayıb. Payızın bitməsinə 1 aydan az vaxt qalıb. Şaxtalı, yağışlı, qarlı qış aylarında ölkədə istilik, su, kanalizasiya sistemlərinin və yolların fəaliyyətində yaranacaq hər-hansı problemin qarşısının öncədən alınması, qışa hazırlıqla bağlı aidiyyatı dövlət orqanları ilə əlaqə saxladıq.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəliyev SİA-ya açıqlamasında bildirdi ki, qurum son illər respublikanın yaşayış məntəqələrində təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görüb. O qeyd etdi ki, qış mövsümünə hazırlıq məqsədilə əməli işlər həyata keçirir: "Hazırda "Azəriqaz" İstehsalat Birliyi təbii qazdan təhlükəsiz istifadə aylığı keçirir. 2015-2016-cı illərin payız-qış mövsümündə istehlakçıların təbii qazla etibarlı və təhlükəsiz təmin edilməsi, abonentlərin təbii qazdan istifadə barədə təlimatlandırılması və maarifləndirilməsi məqsədilə cari ilin noyabr ayının 1-dən prosesə başlanılıb. Təbii qazdan təklükəsiz istifadə ayı dekabr ayının 1-dək davam edəcək.

Həm sözügedən ay, həm də qışa hazırlıq məqsədilə, bütün qaz istismar sahələri gücləndirilmiş iş rejiminə keçib. Məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Abonentlərin təbii qazdan istifadə qaydalarına dair növbədənkənar təlimatlandırılması nəzərdə tutulub. Təbii qazdan istifadə qaydalarını pozan istehlakçıların qaz təchizatı müqaviləyə uyğun formada dayandırılır. Dayandırılmış mənzillərin qaz təchizatında qüsurlar aradan qaldırıldıqdan dərhal sonra təbii qazla təmin olunur".

Onun sözlərinə görə, qəza halları barədə qaz istismar sahələrinin qəza dispetçer xidmətlərinin çağırışların vaxtında yerinə yetiriləməsinə nəzarət gücləndirilib. Mətbuat xidmətinin rəhbəri bildirib ki, qeyri-standart cihaz və avadanlıqların istismardan çıxarılması üçün tədbirlər həyata keçirilir.

"Qarşıdan gələn soyuq qış günlərini nəzərə alaraq "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, o cümlədən təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir" deyən, İ.Kərbəliyev çox mərtəbəli binalara təbii qazın verilməsi haqqında da danışdı: "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində də işlər aparır. 2015-ci ilin 10 ayı ərzində Birliyin operativ fəaliyyətinin nəticəsi olaraq hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim edilmiş 382 çoxmərtəbəli binaya qazın verilməsi təmin edilib. Bu, ümumilikdə 6312 mənzili əhatə edir. "Azəriqaz" İstehsalat Birliyi qazın satışı ilə məşğul olan qurum olaraq, zəruri sənədləri təqdim edilmiş, bütün normativ texniki tələblərə cavab verən istənilən çoxmərtəbəli binaya qazın açılmasına hər zaman hazırdır. Aidiyyatı qurum tərəfindən Birliyə müraciət daxil olduqda həmin qazanxanaların texniki normativ təhlükəsizlik tələbləri əməkdaşlarımız tərəfindən yoxlanılır və mərhələli şəkildə təbii qazın açılması təmin edilir. Bu günə qədər bir çox sayda qazanxanaya mavi yanacağın açılması həyata keçirilib. "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində təbii qaz istehklakçılarının təlabata uyğun, dayanıqlı, təhlükəsizlik qaydalarına riayət olunmaqla təbii qazla təmin olunmasına hər-hansı bir məhdudiyyət qoyulmur. Mənzillərdə istiliyin təmin olunması isə aidiyyatı qurumlarla bağlıdır. Həmin qurumlar Birliyə müraciət etdikcə, tələblərə cavab verən qazanxanalar mərhələli şəkildə qazla təmin olunur. Borclara isə aidiyyatı qurumun aydınlıq gətirməsi daha məqsədə uyğundur. Çünki "Azəriqaz" İstehsalat Birliyinin hər-hansı bir quruma borcu yoxdur. Qeyd edim ki, borc tələbi anlayışla qarşılanmalıdır".

O vurğuladı ki, cari ilin 10 ayı ərzində 209479 mənzilə texniki baxış keçirilib: "Burada məqsəd mənzildaxili qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, qaz cihazlarının yerinin dəyişməsinə nəzarət etmək, istehlakçıları təlimatlandırmaq və maarifləndirməkdir".

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirdi ki, təmsil etdiyi qurum qış aylarına iki istiqamətdə hazırlaşır: "Kanalizasiya, yağış suları və su təchizat sistemlərində aparılan işlərlə bağlı hazırlıq görülür. "Azərsu" ASC-nin mərkəzləşmiş qaydada xidmət göstərdiyi ərazilərdə həm su, həm kanalizasiya xəttləri, həm də yağış drenaj sistemləri tikinti norma və qaydalarına uyğundur. Mərkəzləşdirilmiş qaydada şəbəkə qurulan ərazilərdə su xəttləri torpağın altına basdırılır. Burada layihəyə uyğun olaraq dərinlik dəyişə bilər. Bakı üçün xarakterik olan güclü şaxtalarda belə həmin xəttlərdə donma olmur. Qış aylarında donma halları sakinlərin özlərinin çəkdiyi fərdi xəttlərdə baş verir. Sulutəpə, Masazır, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağın qəsəbə və kəndlərində belə hallar baş verir ki, burada "Azərsu" ASC-nin mərkəzləşdirilmiş şəbəkəsi yoxdur".

A.Cəbrayıllı su sayğaclarının xüsusi izlolyasiya olunmuş qutuda yerləşdirildiyini qeyd etdi: "Xüsusən şaxtalarda donmaların qarşısının alınması üçün həmin qutular daxildən izolyasiya olunub. Ötən illərin təcrübəsi göstərdi ki, bu qaydalara riayət olunan yerlərdə donma halları çox az olur. Sakinlərə tövsiyyə edirik ki, şaxtalı havalarda donmaların qarşısını almaq üçün sayğacların kənarını odun yonqarları ilə doldursunlar".

Mətbuat xidmətinin rəhbəri yağış və kanalizasiya xəttlərinin də qış mövsümünə hazırlandığını vurğuladı: "Bakı şəhəri və Abşeron yarımadasında ən çox yağıntılı vaxt payız-qış mövsümünü əhatə edir. Ona görə mütəmadi olaraq yağış və kanalizasiya xəttləri xüsusi texnikalarla yuyulub, təmizlənilir. Bu ilin 9 ayının nəticələrinə görə, 30 km-dən artıq kanalizasiya xəttlərində təmizlənmə işləri aparılıb, 18 mindən artıq kanalizasiya quyuları, 5 minə yaxın yağış barmaqlıqları, 12 km-dən artıq yağış şəbəkəsi təmizlənib. Bu işlər payız-qış aylarında daha da intensiv aparılır. Çünki, payızda həm yağış çoxalır, həm də tökülən ağac yarpaqları yağış və kanalizasiya xəttlərində tutulmalara, boruların su buraxılma qabiliyyətinin azalmasına gətirib çıxarır".

Cəmiyyət rəsmisi bildirib ki, "Azərsu" ASC-nin uçotun qurulması istiqamətində apardığı işlər, smart sayğacların quraşdırılması borclu abonentlərin sayının azalmasına gətirib çıxarıb: "Azərsu" ASC çalışır ki, istər əhali, istər qeyri-əhali qrupuna satdığı suyun və göstərdiyi xidmətlərin dəyəri tam ödənilsin. Bu göstərici isə hazırda 90 faizin üzərindədir".

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd etdi ki, 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı Cəmiyyətin 2015-ci il 3 sentyabr tarixli, 85 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq bütün idarə və müəəssisələrdə aparılan işlər başa çatmaq üzrədir: "Ümumilikdə payız-qış mövsümündə, xüsusi ilə qarlı-şaxtalı havalarda avtomobil yollarına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Ümumilikdə Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərinə xidmət məqsədi ilə 382 ədəd, respublika yollarına xidmət məqsədilə isə 659 ədəd yol texnikası, maşın və mexanizmlər saz vəziyyətə gətirilib. Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyyatı toplanır. Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri də davam etdirilir. Bunun üçün 1500 ton texniki duz alınıb və ilkin olaraq dağlıq ərazidə yerləşən və Bakı şəhər yollarına xidmət göstərən yol-istismar müəssisələrinə verilib. Noyabr ayı ərzində də tələbata uyğun olaraq duz alınması davam etdirilir".

Onun sözlərinə görə, payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarı, hərəkətin fasiləsizliyi və təhlükəsizliyini təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi "Azəryolsevis" ASC tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə