Çaylarda suyun səviyyəsi azalıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 150-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-140 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 141 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla, ongünlük normanın 111 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 46,5 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 6, Salyanda 4, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 415 sm (2014-cü il noyabrın 23-də 311 sm), Şirvanda 295 sm (2014-cü il noyabrın 23-də 145 sm), Salyanda 270 sm (2014-cü il noyabrın 23-də 110 sm), Bankədə 201 sm (2014-cü il noyabrın 23-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 145 sm (2014-cü il noyabrın 23-də 35 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə