Qubada zibillər çaya atılır SOS

Qubada çaya zibil atmaq sanki adət halını alıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, artıq problemi aradan qaldırmaq üçün bələdiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsi, həmçinin Gigiyeni və Epidomioligiya Mərkəzinin işçiləri hərəkətə keçiblər.

Əməkdaşımızın apardığı araşdırma zamanı məlum olub ki, Quba rayonunda 7-dən çox çay var ki, bunların da son illər kənarları zibilliklərlə dolub. Kimin əlinə nə zibil düşürsə, gətirib çaya atır. Quba rayonu Gigiyena və Epidemologiya Mərkəzinin də məsələdən xəbəri var, daha doğrusu çayların monitorinqini aparıb, baxış keçirib.

Quba sakinləri də bu mənzərədən çox narahatdırlar. Sakinlər bildirirlər ki, çaya atılan tullantılar təhlükə mənbəyinə çevrilib. Yerli sakinlər bildirirlər ki, çaya atılan zibillər dənizə axıdılır. Bundan əlavə heyvanlar üçün də təhlükə mənbəyinə çevrilib. Otarılan mal qara üçün çətinliklər yaranıb.

Quba Rayon Gigiyena və Epidemologiya Mərkəzinin, ərazi üzrə bələdiyyə sədirlərinin keçirdikləri görüşlərdən sonra qərara alınıb ki, Qudyalçay, Alpançay, Qaraçay, Ağçay, Quruçay, Vəlvələçay və Çağacuqçayın kənarlarına xəbərdarlıq nişanları qoyulsun ki, sakinlər zibillərini çaya atmasınlar. Ancaq buna da məhəl qoyan yoxdur. Ən çox kənd sakinləri zibil tullantılarını çaylara atırlar.

Quba rayonu Gigiyena və Epidemologiya Mərkəzinin həkimi Məmməd Ağarzayev bildirir ki, günü-gündən çaylara zibil tullantıların sayı atılır: "Artıq vəziyyət dözülməz həddə çatıb. Hara baxırsan zibildir. Bunun üçün bələdiyyə sədrləri ilə görüşlər keçirilib. Ancaq buna əməl edən yoxdur. Bələdiyyə sədrləri əraziləri üzrə çay kənarı ərazilərə xəbərdarlıq nişanlarını vurublar. Ancaq zibilləri gecə vaxtı atırlar".

Quba GEM-in həkimi bildirir ki, əyər bu hallar davam etsə daha sərt cərmələr tətbiq olunacaq: "Hazırda çay ərazilərinə zibil atan vətəndaşlara 100 manat cərimə tətbiq olunub".

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə