Rusiya ilə Azərbaycan KİV-lərinin əməkdaşlığının əhəmiyyəti vurğulanıb
Rusiyanın "Rosbalt" informasiya agentliyinin saytında Rusiya ilə Azərbaycan KİV-ləri arasında əməkdaşlığa həsr olunmuş məqalə verilib. Məqalədə deyilir ki, gənc jurnalistlərin Sankt-Peterburqda keçirilən "Mədəniyyətlərin dialoqu" X Beynəlxalq Media Forumuna 38 ölkədən və Rusiyanın 62 regionundan KİV nümayəndələri toplaşıblar. Rusiya-Azərbaycan Dostluğu Mərkəzi (RADM) də yubiley tədbirində iştirak edib.
Gənc müxbirlər, redaktorlar, fotoqraflar, operatorlar, rejissorlar, bloqqerlər noyabrın 18-dən 20-dək peşə təcrübəsini mübadilə etmək və öz ölkəsinin adət-ənənələrinin xüsusiyyətlərindən ətraflı söz açmaq imkanı əldə ediblər.
Forum çərçivəsində "Mən belə yaşayıram" fotosərgisi və qısametrajlı filmlər festivalı da keçirilib. Burada iştirakçılar öz ölkəsinin özünəməxsus həyat tərzinə həsr olunmuş yaradıcılıq işləri təqdim ediblər.
Açılış günü plenar iclasda Sankt-Peterburqun tanınmış media nümayəndələri – Qalina Leontyeva ("Fontanka.ru") və Nika Strijak ("5-ci kanal") çıxış ediblər. Jurnalistlər ATƏT-in nümayəndəsi Dunya Miyatoviçə də suallar veriblər.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın Rusiya bölməsinin rəhbəri Fəridə Abdullayeva RADM-nin direktoru Natalya Krasovskaya ilə söhbətində qarşılıqlı anlaşmadan və ideya yaxınlığından danışıblar.
F.Abdullayevanın fikrincə, mühafizəkarlığa sadiqlik və inzibati praktikada ciddi etik prinsiplərə can atmaq istər Rusiyanın, istərsə də Azərbaycanın rəsmi informasiya mənbələrinə eyni dərəcədə xasdır. Azərbaycanın Əməkdar Jurnalisti vurğulayıb: "Azərbaycan Prezidenti Administrasiyasının başçısı Ramiz Mehdiyevin bir çox kitablarını və məqalələrini və Rusiya Prezidenti Administrasiyasının başçısı Sergey İvanovun çıxışının tezislərini müqayisə edin. Hər ikisi dövlətin dünyəvi xarakterinə söykənən mühafizəkar dəyərlərin əhəmiyyətini vurğulayır, hər ikisi dünyada qloballaşma prosesi şəraitində dövlətin və cəmiyyətin müxtəlif səviyyələrində suverenliyin qorunub saxlanılmasının çətinliklərindən danışır".
Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev də iki ölkənin KİV-lərinin konstruktiv dialoqa hazır olmasından danışıb. Deputatın fikrincə, vahid informasiya məkanının yaradılması ideyasına ciddi yanaşmağa dəyər. O deyib: "Bunun üçün hər cür şərait var. Hazırda Azərbaycanda rusdilli KİV-lərin payı təqribən 15 faizdir. Azərbaycanda rus dilində qəzetlər çap olunur, informasiya agentliklərinin nümayəndəlikləri açılır. Bütün bunlar səmərəli qarşılıqlı faydalı əməkdaşlığa zəmin yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB