6 kəndə qaz verildi

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublikamızın qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, noyabrın 19-da Şamaxı, Zərdab, İmişli və Saatlı rayonlarının daha 6 kəndinə təbii qaz verilmişdir. Tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. SOCAR-dan SİA-ya verilən xəbərə görə, Şamaxı rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, rayonun 146 abonentlik Avaxlı kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 20864 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 146 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün saatlılar üçün də əlamətdar olub. Belə ki, Saatlı rayonunun Potubəyli kəndinə ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş tədbirdə qeyd olunub ki, 211 abonenti olan kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 19205 metrlik qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılb.

İmişli rayonunda keçirilən tədbirdə isə vurğulanıb ki, ümumilikdə 940 abonentlik Qaralar və Cavadxanlı kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədilə 78074 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 940 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Zərdab rayonunun Qoruqbağı və Sarıqaya kəndlərinə təbii qazın verilişinin bərpa edilməsi münasibəti ilə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 432 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 34866 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə