“Milan Expo 2015” yekunları ilə bağlı mətbuat konfransı keçirilib

“Milan Expo 2015” yekunları ilə bağlı mətbuat konfransı keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində "Milan Expo 2015" Ümumdünya sərgisində Azərbaycanın iştirakının yekunları ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında giriş sözü ilə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru, "Milan Expo 2015"də Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Ələkbərov paviliyonun Azərbaycan üçün ən uğurlu layihələrdən biri olduğunu qeyd edib. A. Ələkbərov bildirib ki, pavilyonun hazırlanması ilə bağlı işlərə 2013-cü ildə başlanılıb: "19 ay ərzində pavilyonun tikintisində və dizaynının hazırlığında 300 nəfərdən ibarət komanda çalışıb. Bu işdə bizə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yaxından dəstək olub. Düşünürəm ki, Mehriban xanımın dəstəyi nəticəsində bu layihə öz uğurlar ilə bütün dünyaya səs salıb. Hesab edirəm ki, bütünlükdə layihə uğurlu alınıb".

A.Ələkbərov qeyd edib ki, İtaliya hökuməti Azərbaycan pavilyonuna "Milan incisi" adını verib: "Ümumilkdə 3 milyon 250 min nəfər Azərbaycanın pavilyonunu izləyib. Bizim pavilyonumuza maraq böyük idi. Ermənistan da bu layihədə iştirak etməyə çalışırdı. Amma Ermənistan bizim layihəni, işimizi gördükdən sonra 2015-ci ilin əvvəlində sərgidə iştirakdan imtina etdi".

A.Ələkbərov son olaraq onu da vurğulayıb ki, Milandakı pavilyon Azərbaycana köçürüləcək: "Biz istərdik ki, onu Azərbaycanın ən gözəl guşələrindən birində, Dənizkənarı Milli Parkda yerləşdirməyi nəzərdən keçiririk. Bəzi dövlətlər öz pavilyonlarını sökdülər. Amma biz bildirdik ki, sökülməyəcək, pavilyonu Azərbaycana qaytaracağıq. Bunun üçün də artıq Nazirlər Kabinetinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik".

Sonra Azərbaycan pavilyonu ilə bağlı video-çarx nümayiş etdirilib.

Bildirilib ki, bu layihə Azərbaycanın dünyada tanıdılmasına xidmət edib. Azərbaycan pavilyonun istər tikinti prosesində, istərsə də sonrakı proseslərdə liderliyini qoruyub saxlamışdı. Bunun üçün Azərbaycanda 150 gün çəkilişlər aparılıb. Layihə ilə bağlı 55 dəqiqə animasiya, 10 min foto çəkilib, 250 video-material hazırlanıb. Nüfuzlu dünya nəşrləri layihəmizlə bağlı yazılar dərc ediblər".

Pavilyonun arxitektoru Rikardo Ciqolotti çıxışında deyib ki, layihənin vaxtında bitməsi çox vacib idi: "Sərgidə ən gözəl pavilyon Azərbaycana məxsus idi. İnsanlar bu layihəni maraqla qarşıladı. Buna görə də Azərbaycan hökumətinin rəhbərliyinə təşəkkürümü bildirirəm".

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, "Milan Expo 2015" sərgisindəki "Azərbaycan Biomüxtəlifliyin xəzinəsi" adlanan 4 mərtəbəli, ərazisi 2000 kvadratmetrədək olan Azərbaycan pavilyonu Heydər Əliyev Mərkəzinin dəstəyi ilə həyata keçirilib.

Pavilyonda qurulan 3 biosfera ətraf mühiti və qədim mədəniyyəti daim harmoniyada olan Azərbaycanı təcəssüm etdirir. Pavliyonu əhatə edən taxta divarlar bu diyara xas olan küləyin və həmişə burada dövr edən mədəni və yaradıcı axının rəmzidir.

Pavliyonun 1-ci mərtəbəsi "Səslər simfonaiyası" adlanır. Burada Azərbaycanla bağlı məlumatlar təqdim olunurb.

2-ci mərtəbədə-"Rənglər simfoniyası"nda iqlim, landşaftla bağlı məlumatlar çatdırılıb.

3-cü mərtəbə "Dadlar simfoniyası" adlanır. Bu mərtəbədə milli mətbəxlə bağlı nümunələr təqdim edilib.

4-cü mərtəbədə isə restorandır.

Pavilyonun tikintisi zamanı 18 km qaynaq işləri, 15 ton dəmir istifadə edilib. Bundan əlavə, 680 şüşə panel də istifadə olunub.

Milli pavilyon İtaliyanın Ətraf Mühit və Dəniz Ehtiyatlarının Müfafizəsi Nazirliyinin "Davamlı Ekspoya doğru" proqramı çərçivəsində "Dizayn və materiallar" nominasiyası üzrə ən uğurlu ekoloji layihə kimi mükafatla təltif olunub və milli pavilyonlar sırasında öz kateqoriyası üzrə ən gözəl pavilyon seçilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə