Uşaqların zorakılıqdan müdafiəsi gününə həsr olunmuş dəyirmi masa keçirilib VİDEO

Uşaqların zorakılıqdan müdafiəsi gününə həsr olunmuş dəyirmi masa keçirilib VİDEO

Bu gün Milli Məclisdə Uşaqların zorakılıqdan müdafiəsi gününə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, Avropa Şurasında uşaq zorakılığına qarşı mübarizə sahəsində Azərbaycan üzrə baş məruzəçi, millət vəkili Sevinc Fətəliyevanın rəhbərliyi ilə keçirilən tədbirdə Parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycanın Avropa Şurasında nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov, bir çox millət vəkilləri, Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç, UNİSEF-in Azərbaycandakı nümayəndəsi Andro Silakadre, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Daxili İşlər Nazirliyinin idarə rəisi Adıgözəl Adıgözəlov, bir sıra nazirliklər, dövlət qurumların rəsmiləri və qeyri hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Avropa Şurasında uşaq zorakılığına qarşı mübarizə sahəsində Azərbaycan üzrə baş məruzəçi, millət vəkili Sevinc Fətəliyeva bildirib ki, uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hər tərəfli inkişaf etməsi hər bir dövlətin, eyni zamanda hər bir insanın mənəvi və vətəndaş borcudur. O qeyd edib ki, təəssüflər olsun ki, bugünkü narahat dünyada bunları təmin etmək bəzi dövlətlər üçün qeyri mümkündür: "Dünyada gedən müharibələr və münaqişələr nəticəsində hər gün günahsız uşaqlar qətlə yetirilir, valideynsiz qalır, insanlıqdan kənar olan hadisələr yaşayır. Beləliklə uşaq hüquqlarının müdafiəsi hər bir dövlət üçün günü-gündən mürəkkəbləşir və çətinləşir.

Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Uşaqların tədricən insan hüquqları obyektindən, müstəqil insan hüquqları subyektinə çevrilməsi və həm dövlətin siyasəti, həm də ailədə uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanınması böyük əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, müzakirə olunan "uşaqların zorakılıqdan müdafiəsi" mövzusu 2 aspekti özündə əks etdirir. Bildirib ki, uşaqlara qarşı zorakılıqla mübarizə, uşaq hüquqlarının müdafiəsi və ən əsası, bugünkü müzakirələr 2 əlamətdar günə həsr olunub: "AŞ Nazirlər Komitəsi tərəfindən təsis edilmiş 18 noyabr Avropa Uşaqların cinsi zorakılıqdan və cinsi istismardan müdafiəsi günü məhz bu gün ilk dəfə AŞ üzv ölkələrində, həmçinin Azərbaycanda qeyd olunur.

Digər əlamətdar tarix isə 20 noyabrda "Uşaq Hüquqları Konvensiyası"nın qəbul edilməsi günüdür. Uşaq hüquqlarının müdafiəsi sahəsində qəbul olunmuş beynəlxalq və dövlətdaxili sənədlərin hazırlanmasında baza sənədi rolunu oynayan BMT-nin 1959-cu il tarixli "Uşaq Hüquqları Bəyannaməsi", daha sonra 1989-cu il tarixli "Uşaq Hüquqları Konvensiyası" qəbul edilib".

Millət vəkili vurğulayıb ki, Azərbaycanda da Konvensiyanın əsas prinsipləri dövlət siyasəti səviyyəsində tanınır, tətbiq edilir və daim təkmilləşir. Qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında uşaqların hüquq və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir: "Ölkəmizdə uşaq hüquqları ilə bağlı güclü qanunvericilik bazası mövcuddur. Azərbaycan Respublikası müstəqilliyinin ilk illlərində - 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə Konvensiyanın 2 Əlavə Protokoluna qoşulub. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu qəbul olunub. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, tədbirlər planları qəbul edilib".

Onun sözlərinə görə, məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə, Azərbaycanda 2010-cu ildə "Məişət Zorakılığının qarşısının alınması" haqqında qanun qəbul edilib: "Bununla yanaşı, məişət zorakılığına məruz qalan uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdən biri kimi dəyərləndirilir. 2011-ci ildə qəbul edilən "Sosial xidmət haqda" Azərbaycan Respublikası qanunun tətbiqi sayəsində məişət zorakılığından əziyyət çəkən şəxslərə sosial, tibbi, hüquqi və psixoloji yardımın göstərilməsi məqsədilə icma əsaslı xidmətlərin yaradılması daha geniş vüsət almağa başlayıb.

Millət vəkili vurğulayıb ki, sadalananlar Azərbaycanda uşaq hüquqlarının müdafiəsində aparılan işlərin yalnız bir qismidir. O qeyd edib ki, ölkəmizdə bu sahədə bütün dövlət qurumları və qeyri hökumət təşkilatları qarşılıqlı əməkdaşlıq edir və mühim işlər həyata keçirilər.

Daha sonra çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sosial siyasətdə uşaq problemlərinin hər zaman gündəmdə olduğunu deyib. O, Parlamentin Sosial siyasət komitəsində bu istiqamətdə daima müzakirələr aparıldığını, sözügedən sahəyə ölkə rəhbərliyi tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edib.

Millət vəkili Parlamentdə uşaq zorakılığına qarşı bir sıra qanun layihələri qəbul olunduğunu bildirib: "20 ildə bu sahədə 300-dək sənəd qəbul olunub. Uşaq zorakılığı Milli Məclisin prioritet məsələlərindəndir. Biz nəticə ilə yox, daha çox səbəblə mübarizə aparmalıyıq".

O qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan uşaq hüquqlarının pozulmasından əziyyət çəkib: "Bir milyon qaçqın və məcburi köçkünün üçdə biri uşaqlardır. 200 minə qədər qaçqın və məcburi köçkün uşaqların çadırda yaşaması uşaq zorakılığının nümunəsidir".

Azərbaycanın Avropa Şurasında nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib ki, uşağa hörmət etməyən dövlət başqa dövlətlərə və qurumlara da hörmət edə bilməz: "Dövlətin gücü onun zəifə qarşı münasibətindən formalaşır. Cəmiyyətdə ən zəiflər isə uşaq və əlil insanlardır. Bu gün Azərbaycanda bu istiqamətdə çox böyük işlər həyata keçirilib və davam etdirilir. Ölkə rəhbərliyi bu sahəni daima diqqət mərkəzində saxlayır".

Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç AŞPA-nın "Hər beş uşaqdan biri" kampaniyasının önəmliliyindən danışıb. O, Avropa Şurasının bu sahədə ciddi addımlar atdığını bildirib. D. Filipoviç cəmiyyətdə oğlan və qızlara fərq qoyulmasının da aradan qaldırılmalı olduğunu qeyd edib. Avropa Şurası rəsmisi uşaqların çox zaman yaxın adamları tərəfindən zorakılıqla üzləşdiyini, bu problemi deyə bilmədiklərini vurğulayıb. O, bu sahədə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığının vacibliyini qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva hər bir ölkənin gələcək inkişafı üçün bu sahəyə mütləq xüsusi diqqət yetirməli olduğunu vurğulayıb. O, bu sahədə qanunverciliyin təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını deyib. A.Sofiyeva təmsil etdiyi komitənin məişət zorakılığı istiqamətində apardığı işlərdən danışıb. O, erkən nigahın fəsadlarından, uşaq zorakılığının qarşısının alınması üçün zəruri tədbirlərdən söz açıb. Sədr müavini cəmiyyətdə maarifləndirici işlərin daha da gücləndirilməsinin lazım olduğunu bildirib.

Daxili İşlər Nazirliyinin idarə rəisi Adıgözəl Adıgözəlov Azərbaycan müstəqillik əldə etdikdən sonra uşaq hüquqları sahəsində böyük işlər həyata keçirildiyini, qabaqcıl ölkələrin təcrübəsindən yararlanıldığını deyib. O, bu sahədə daxili işlər orqanlarının üzərində də böyük məsuliyyət düşdüyünü qeyd edib: "Daxili işlər orqanlarının əməkdaşları hər il 50-60 mindən çox yuxarı sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparırlar. 2015-ci ilin 9 ayı ərzində uşaqlara qarşı 470 cinayət qeydə alınıb ki, bunun 133-ü zorakılıq faktıdır. Onlardan 7-si məişət zəminində baş verib. Sözügedən müddətdə 41 erkən nigahdan 15-nə cinayət işi qaldırılıb. Bu sahədə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Erkən nigahın özü də uşaq zorakılığının bir növüdür".

O, daxili işlər orqanlarının uşaq əməyindən istifadə, uşaqların cinsi zorakılığa məruz qalması, dilənçiliyə, xırda alverə cəlb olunması, avaraçılığa qarşı da işlər həyata keçirdiyini qeyd edib.

Daha sonra tədbirdə iştirak edən digər rəsmi şəxslər və QHT rəhbərləri çıxış edib, uşaq zorakılığının qarşısının alınması istiqamətində fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə