Dirçəlişdən tərəqqiyə uzanan yol: Tarixi günə gənclərdən MÜNASİBƏT

Dirçəlişdən tərəqqiyə uzanan yol: Tarixi günə gənclərdən MÜNASİBƏT

Azərbaycanın gələcəyi olan gənclərimiz dövlətimizin müstəqillik qazanması yolunda xalqımızın oyanış tarixinin əhəmiyyətini xüsusi vurğulayırlar. Ölkəmizin ictimai həyatında fəal rol oynayan gənclərimizdən bir neçəsinin bu barədə SİA-ya münasibətini təqdim edirik.

Kənan Qubadzadə- Gənclər Mərkəzi İctimai Birliyinin icra direktoru

1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi. Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Dirçəlişlə başlayan müstəqilliyimiz əbədi olsun!

Zərifə Xasayeva- Məhsəti Gəncəvi mərkəzinin direktoru

Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamışdır.Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur.Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsil intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovetlər İttifaqı dağılmağa başlayanda xalqın dayağı olmuşdur. Vətənimizin şanlı tarixinə qızıl hərflərlə yazılmış bu tarix hər il Azərbaycanda möhtəşəm bayram kimi qeyd olunur. Bayramımız mübarək!

Aytək Məmmədli- Ankara Gazi universitetinin Nanotexnologiyalar üzrə magistrantı

Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış,bununla da müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsil intibah və dirçəliş dövrünə qədəm qoydu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibində keçirilən ilk sessiyasında Muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı eyni zamanda üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırmışdır. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulmuşdur. Azərbaycanın gələcəyi olan biz gənclər bütün potensialımızı ölkəmizin uğurlu gələcəyi yolunda səfərbər etməyə hazırıq.

Arzu Həsənzadə - YAP Gənclər Birliyinin fəal üzvü

Bildiyiniz kimi Azərbaycan tarix boyu bir çox imperiyaların tərkibində olmuşdur. Xalqımıza qarşı dəhşətli etnik təmizləmələr və soyqırımlar aparılmışdır. Bütün bunlara baxmayaraq xalqımız öz inkişaf prosesini dayandırmadı. Böyük və fərqli imperiyaların tərkibində belə öz məxsusi dəyərini, milli varlığını qoruyub saxladı. Xalqımızın dirçəliş günü azadlıq yolunda atdığı böyük addımı isə sözsüz ki, yeni tariximizin şanlı səhifələrindəndir. Həmin gün Azərbaycan xalqı artıq Sovet boyunduruğunda qalmaq istəmədiyini öz cəsarətli etirazı ilə aşkaranə göstərmiş oldu. Qürurlu tariximizə dayanaraq başda Ali baş komandanımız olmaqla vətənsevər xalqımızın, intellektual gəncliyimizin sayəsində respublikamız öz inkişaf prosesini yenə də dayandırmır və daim inkişafdadır. Azərbaycan gənci olaraq dövlətimizin, dövlətçiliyimizin daha da qüdrətlənməsi, oyanışdan doğan müstəqilliyimizin əbədi olması naminə üzərimizə düşən vəzifələrin məsuliyyətini dərk edirik və bu yolda dönməz olduğumuzu bəyan edirik.

Tofiq Rəfailoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə