Xalqımızın 27 il öncə, hələ böyük imperiyanın əsarətində olduğumuz bir vaxtda meydanlara toplaşaraq azadlıq uğrunda hər şeyə hazır olduğunu bəyan etdi. Gənclər SİA-ya bu şanlı tarixin əhəmiyyəti barədə münasibət bildiriblər.
Həsən Hüseynzadə- YAP Gənclər Birliyinin fəal üzvü

- 23 il əvvəl 1988-ci ilin 17 noyabr tarixi Azərbaycan sovet rejimin təməlini sarsıdan, müstəqil Azərbaycanın isə ilk təməlini qoyan azadlıq hərəkatının başlandığı gündür. Həmin gün Azərbaycan xalqı sovet ittifaqı rəhbərliyinin ölkəmizə qarşı ədalətsiz mövqeyinə zidd siyasətinə, ikili münasibətinə, eləcə də ermənistanın ideoloji, hərbi və siyasi təxribatlarına etiraz səsini ucaldaraq ayağa qalxdı. Ermənilər Azərbaycana qarşı ərazi iddialarına dəstək M. Qarbaçox hakimiyyətinə açıq irad bildirdi. Xalq torpaqlarımızın müdafiəsinə və müstəqillik uğrunda mübarizəyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Tarixə Milli Dirçəliş günü kimi düşən 17 noyabrın mənəvi əsasları və başlanğıc mərhələsi isə əslində ötən əsrin 60-cı illərinin axırlarından, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başladı. Hakimiyyətə gəlişi ilə xalq sağlam ruh və özünü dərk gətirən Heydər Əliyev Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xusüsi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Ulu öndər Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi və psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovetlər Birliyi dağılmağa başlayanda xalqın dayağı oldu. 1988ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Dekabr ayında meydandakı insanları güc tətbiq edərək dağıtsalar da qəlblərdə alovlanan müstəqillik istəyini söndürə bilmədilər. Bu gün biz müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq.
Güllü Eldarzadə - YAP Gənclər Birliyinin fəal üzvü

- 1992-ci ildən etibarən 17 noyabr tarixi Azərbaycan Respublikasında Milli Dirçəliş Günü kimi qeyd olunur. Müharibələr, böhranlar, iğtişaşlar, reformlarla tarixə özünəməxsus formada iz salmış XX əsrin sonu da önəmli hadisələrlə yadda qalmışdır. Azərbaycan da bütün tarix boyu olduğu kimi həmin hadisələrdən birbaşa təsirlənənlər sırasında ən önlərdə yer almışdır. Yerləşdiyi məkanın geosiyasi və geostrateji əhəmiyyəti ölkəmiz üçün eyni zamanda bir çox çətinliklərlə də müşayət olunmuşdur. Yenidən respublikanın qurulmasının belə qarışıq bir dövrə düşməsi də özü ilə mütləq şəkildə müxtəlif problemlər gətirmişdir. Məhz bu səbəblə də Milli Dirçəliş Günü kimi önəmli bir tarixin təqvimdə xüsusi olaraq vurğulanması özündə yalnız adi bir günü deyil, eyni zamanda çətinliklərə rəğmən ayaqda qala bilməyin məsuliyyətini təcəssüm etdirir. Milli Dirçəliş Günü respublikamızın qazandığı uğurların təməlində atılmış vacib addımdır. Biz gənc nəsil kimi, ölkəmizin bu günə qədər qazandığı nailiyyətləri dərindən araşdırmalı, dərk etməli və gələcək nailiyyətlər üçün bütün potensialımızı səfərbər etməliyik.
Mehti Namazov- Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri

- İstiqlaliyyətimizin qazanılmasında və onun möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin yüksək rolu danılmazdır. "Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir" – bu müdrik kəlam Azərbaycan xalqının böyük xilaskarı Heydər Əliyevə məxsusdur. Həqiqətən də, o cür mənəvi hisslərdən məhrum cəmiyyətin hansısa inkişafa nail olması və uğurlar qazanması qeyri-mümkündür. Məhz o vaxtkı Sovet rəhbərliyinin qabarıq antiazərbaycan siyasəti, Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası və Dağlıq Qarabağda ermənilərin separatçı əməlləri xalqımızın öz istiqlaliyyəti uğrunda iti addımlar atmasına səbəb oldu və bu xalq hərəkatının geniş vüsət alması ilə nəticələndi. 17 noyabr 1988-ci il tarixində xalq hərəkatı ən yüksək mərhələyə qoydu ki, 1992-ci ildən etibarən o tarix Azərbaycanda "Milli Dirçəliş günü" kimi qeyd olunur. Beləliklə, Azərbaycan xalqı öz müstəqilliyinə qovuşması uğrunda böyük bir yola çıxmış oldu.
Yavər Məmmədova- Almaniya Julius-Maximilians adina Würzburg Universitetinin magistrantı

- 17 Noyabr - bu tarix Azərbaycan Dövlətinin tarixinə qızıl hərflərlə yazılmış bir tarixdir. İlk dəfə olaraq xalqımız 1988-ci ilin məhz bu günü Sovet İmperiyasi tərəfindən ona qarşı edilən ədalətsizliyə, haqsızlığa öz haqq səsini çıxararaq etiraz etməyə başladı. Məhz bu mitinqlər Azərbaycan Xalqının müstəqil dövlət qurması üçün atdığı ilk addım idi. Təəssüf ki, bu addımın qarşısı Sovet Ordusu tərəfindən alındı. Təsadüfi deyil ki, 1990-cı il məhz noyabrın 17-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi bir qərar idi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişindən müstəqilli istiqamətində ilk böyük addımı atdı. Bu gün biz gənclər Müstəqil Azərbaycan Dövlətinin vətəndaşlarıyıq. Müstəqil Azərbaycan Dövlətinin Vətəndaşı olmağın qiymətini insan ən çox uzun müddətli xarici dövlətdə olanda hiss edir. Bu gün mən Almaniya Federativ Respublikasında təhsil alıram. Hər dəfə məndən "Hardan" olduğumu sorushan zaman "Azərbaycanlıyam!" dedikdə fəxr edirəm ki, mən məhz Müstəqil Demokratik Azərbaycan Respublikasının vətəndaşıyam, uğur qazandığımda məni məhz Azərbaycanlı kimi təqdim edirlər, bu zaman Azərbaycan Bayrağım dalğalanır. Hər zaman Müstəqil Azərbaycanımın Bayrağı zirvələrdə dalğalansın!
Tofiq Rəfailoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB