Dövlət Proqramının müzakirəsi təşkil olunub FOTOLAR

Dövlət Proqramının müzakirəsi təşkil olunub FOTOLAR

Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayevin rəhbərliyi altında "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramının müzakirəsi təşkil olunub. Nazirliyin mtbuat xidmətindən SİA-ya verilən məlumata görə, müzakirədə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, Müdafiə, Təhsil, Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnalogiyalar, Səhiyyə, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat və Sənaye, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Sərhəd Xidməti, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komissiyası, Prezident yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və digər dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarının rəsmiləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, ardıcıl olaraq 2005-2009 və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırıb. Son illər istifadəyə verilən "Gənclər ev"ləri, xüsusilə regionlarda yaşayan gənclərin maraq dairəsini genişləndirmək, asudə vaxtın mənalı təşkili üçün yeni imkanlar yaradıb. Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması dəstəklənib. Son onilliyin əsas çağırışları olan informasiya və kommunikasiya texnologiyaların sürətlə inkişafı və qloballaşma prosesləri gənclərlə bağlı vəziyyətə ciddi təsir göstərməkdədir. Bu amillərin təsiri altında ölkələrin qarşılaşdığı problemlərin müzakirəsi üçün BMT Baş katibinin müraciəti ilə 2014-cü ilin oktyabrında Dünya ölkələrinin I Qlobal Forumu keçirilib. Qlobal Forumun Bakıda keçirilməsi ölkəmizdə gənclər siyasəti sahəsində əməli təcrübə və müsbət tendensiyaların əldə edilməsinin təzahürü olub. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına və 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"na uyğun olaraq "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramı (bundan sonra – Dövlət Proqramı) hazırlanıb.

İclas zamanı dövlət qurumlarının rəsmiləri tərəfindən bir sıra mövzular ətrafında müzakirələr aparılıb. Gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, alkoqolizm və digər neqativ halların profilaktikası, təhsil alan gənclərin, gənc alim və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin özünüidarəetməsinin gücləndirilməsi, onların ideya və təşəbbüslərinin dəstəklənməsi, gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və özünəməşğulluq imkanlarının artırılması, gənclər arasında ixtisas və peşə seçimi, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi,regionlarda yaşayan gənclərin təhsil, məşğulluq, ictimai fəaliyyətlərinin, mədəniyyət və idman sahəsində imkanlarının genişləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, gənclərin insan hüquqları, gender bərabərliyi, insan alveri, gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinə şəraitin yaradılması, yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması, gənclərin asudə vaxtının səmərəli təşkili və s. mövzular müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə