Ölkənin cənub bölgəsinə normadan artıq düşən yağıntılar burada ciddi fəsadlara yol açıb. SİA-nın Cənub bürosunun məlumatına görə, Astara rayonunun dağlıq və dağətəyi kəndləri bu sarıdan problemlərlə üzləşiblər. Kijəbə ərazi vahidliyinə daxil olan bir neçə dağətəyi yaşayış məntəqəsində baş verən torpaq sürüşməsi yerli sakinlərin fərdi təsərrüfatlarına xeyli maddi ziyan vurub.
Dağətəyi kəndlərində bir neçə yerdə torpaq qatı yolların üzərinə tökülərək nəqliyyat vasitələrinin və piyadaların hərəkətini məhdudlaşdırıb. Türkoba kənd məktəbinə gedən yol isə tamamilə bağlanıb. Torpaq sürüşmələrinin qarşısını almaq məqsədilə həmin ərazidə kənd sakinlərinin şəxsi vəsaiti hesabına tikilmiş istinad divarları torpağın ağırlığına tab gətirə bilmədiyindən dağılıb. Sakinlər yolun bağlanması səbəbindən mənzilə çatmaq üçün əlavə yol qət etməli olurlar.
Sürüşməyə məruz qalan daha bir ərazi rayonun Barzuband kəndindədir. Təbii fəlakət nəticəsində buradakı istifadəsiz məktəb binası demək olar ki, tam sıradan çıxıb, onun yaxınlığında yerləşən kənd sakini Elşən Həkimova məxsus yaşayış evi qəzalı vəziyyətə düşüb.
Qeyd edək ki, Deqədi-Pəlekəş avtomobil yolunun Barzuband kəndi ərazisindən keçən hissəsində iri çatlar əmələ gəlib. Torpaq qatı sürüşərək yeni tikilən şosenin lap yaxınlığına qədər uzanıb.
Kijəbə bələdiyyəsinin sədri Ağadadaş Qənbərovun sözlərinə görə, mövcud vəziyyət barədə aidiyyati qurumlara məlumat verilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB