“Dahi azərbaycanlı Heydər Əliyev” mövzusunda konfrans keçirilib FOTOLAR

“Dahi azərbaycanlı Heydər Əliyev” mövzusunda konfrans keçirilib FOTOLAR

Bakı Atatürk Liseyində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu və liseyin birgə təşkilatçılığı ilə "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi çərçivəsində "Dahi azərbaycanlı Heydər Əliyev" mövzusunda konfrans keçirilib. AMEA Tarix İnstitutundan SİA-ya verilən xəbərə görə, konfransda liseyin direktoru Əli Devrim məktəblilər arasında tarixi şəxsiyyətlərin tanıdılmasında və təbliğ edilməsində layihənin əhəmiyyətini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamını xatırladan direktor Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, xüsusilədə elm və təhsil sahələrində əməkdaşlığın inkişafından bəhs edib.

Layihənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş çıxışında Azərbaycanın tarixi keçmişindən, Türkiyə ilə Azərbaycanın birliyindən, Vikipediyada tarixi şəxsiyyətlərimizə qarşı təxribatlardan söz açıb. Y.Mahmudov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri haqqında konfrans iştirakçılarına ətraflı məlumat vermişdir: "1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizdə vətəndaş müharibəsi və xaosun qarşısı alınıb".

Tarixçi-alim bildirdi ki, tarixi şəxsiyyətlərimizi qarşı-qarşıya qoymaq düzgün deyil, onları tarixdə olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır: "Bu layihəni Bakının digər məktəblərində, Azərbaycanın bölgələrində də davam etdirəcəyik".

Daha sonra layihənin təşkilat komitəsinin üzvü, gənc tarixçi Röya Yaqubova isə "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi haqqında qısa məlumat verdi və bildirdi ki, layihə çərçivəsində ilk konfrans görkəmli dövlət xadimi Şah İsmayıl Səfəviyə həsr olunub.

Tədbirdə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin rəhbəri, Milli Məclisin deputatı Qənirə Paşayeva da iştirak edib. O, görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətimiz qarşısında tarixi xidmətlərindən danışıb: "Böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev millətini bütün bəlalardan qoruyub".

Konfransda həmçinin Türkiyənin Qazi Universitetinin professoru Selma Yel də çıxış etmişdir. "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov, Mirzə Ələkbər Sabir Fondunun prezidenti, dosent Sevda Tahirli, AMEA Tarix İnstitutunun əməkdaşları da tədbirdə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə