Azərbaycan ilə Gürcüstan arasında miqrasiya sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Bu fikir Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyevin Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze ilə görüşündə səslənib.
DMX-nin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Xidmət rəisi ölkələrimiz arasında uzun əsrlər boyu mehriban qonşuluq və dostluq münasibətlərinin olduğunu xatırladıb. O, strateji tərəfdaş olan ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən miqrasiya sahəsində uğurlu əməkdaşlığın formalaşdığını diqqətə çatdırıb. Xidmət rəisi Gürcüstanın Azərbaycandakı səfiri ilə əvvəlki görüşləri zamanı aparılmış səmərəli müzakirələrin uğurlu nəticələrinə toxunub.
F.Nəbiyev ölkəmizdə vətəndaşlıq məsələlərini tənzimləyən qanunvericilik aktlarına edilmiş son dəyişikliklər barədə məlumat verib, ikili vətəndaşlığın geniş xarakterli hüquqlar vəd etməsinə baxmayaraq, həm dövlətçilik, həm də şəxsi öhdəliklər nöqteyi-nəzərindən kifayət qədər məsuliyyət yaratdığını nəzərə alaraq qanunvericiliyə olunmuş dəyişikliklərin əhəmiyyətini vurğulayıb.
Səfir T.Şaraşenidze də iki ölkə arasında mövcud münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, bunun bariz nümunəsi kimi Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Gürcüstana rəsmi səfərinin ölkəsi üçün xüsusi əhəmiyyətini qeyd edib. Diplomat bu səfərin dövlətlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib. T.Şaraşanidze, həmçinin şəxsin Gürcüstan vətəndaşlığına bərpası və vətəndaşlıqdan çıxma prosedurundakı dəyişikliklər barədə məlumat verib.
Sonra hər iki dövlətin vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı qoşulduğu beynəlxalq sənədlərə - "Vətəndaşlığı olmayan şəxsin statusu"na dair 1954-cü il tarixli və "Vətəndaşsızlığın ixtisar edilməsi haqqında" 1961-ci il tarixli konvensiyalara uyğun olaraq vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı səylərin daha da gücləndirilməsinin, yarana biləcək problemlərin qarşısının alınması üçün qanunvericiliyə uyğun preventiv tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB