Bakıda Gənclər Təşkilatlarının II Milli Konqresi keçiriləcək

Bakıda Gənclər Təşkilatlarının II Milli Konqresi keçiriləcək

25 noyabr 2015-ci il tarixində Gənclər Təşkilatları Milli Şurasının təsis olunmasının 20-ci il dönümü münasibəti ilə təşkil olunan Gənclər Təşkilatlarının II Milli Konqresinə qeydiyyat artıq başa çatıb. SİA-nın məlumatına görə, tədbirdə iştirak üçün 200-dən çox gənclər təşkilatının nümayəndəsi qeydiyyatdan keçib. Gənclər təşkilatlarının nümayəndələri təşkilatçılar tərəfindən təsdiq cavabı aldıqdan sonra rəsmi olaraq Konqresin iştirakçısı olmaq hüququ əldə edəcəklər.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirdə gənclər təşkilatlarının rəhbərləri ilə yanaşı, dövlət rəsmiləri, Avropa Şurasının yüksək dərəcəli nümayəndələri və mətbuat nümayəndələri iştirak edəcək.

Tədbir zamanı dövlət rəsmiləri və beynəlxalq təşkilatların yüksək dərəcəli rəsmilərinin Gənclər Təşkilatları Milli Şurasının 20-ci il dönümü münasibəti ilə təbrik nitqləri dinləniləcək. Gənclər Təşkilatları Milli Şurası tərəfindən təltifolunma mərasimi həyata keçiriləcək. Daha sonra Gənclər Təşkilatlarının II Milli Konqresi çərçivəsində "Azərbaycanın Gənclər Siyasəti: Müasir Çağırışlar və Davamlı İnkişaf" mövzusunda Davos formatında müzakirələr baş tutacaq. Gənclər Təşkilatlarının II Milli Konqresi ilə bağlı ətraflı məlumat əldə etmək istəyənlər [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər.

Məlumat üçün qeyd edək ki, Gənclər Təşkilatlarının II Milli Konqresi Gənclər Təşkilatları Milli Şurası təsis olunmasının 20 illik yubileyi çərçivəsində təşkil olunur. 1995 –ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan Gənclər Təşkilatları Milli Şurası fəaliyyət göstərdiyi 20 il ərzində daima Azərbaycan Respublikasının prioritetlərini dəstəkləyib. Milli Şura öz strategiyası çərçivəsində tərəfdaşları, üzvü olan gənclər təşkilatları ilə birgə yerli və beynəlxalq səviyyədə tədbir və proqramların həyata keçirilməsini təmin edib. Gənclər Təşkilatları Milli Şurası bu gün 112 gənclər təşkilatı və minlərlə gənci özündə birləşdirən Azərbaycanın ən böyük gənclər platformasıdır. Avropa, Asiya, Afrika, Amerika qitələrinin aparıcı gənclər platformasında təmsil olunan Milli Şura bu platformalarda Azərbaycan Respublikasının maraqlarının qorunması, o cümlədən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edir, Azərbaycan gənclərinin bu platformaların qərarvermə prosesində iştirakını təmin edir.

Xatırladaq ki, Gənclər Təşkilatlarının Milli Konqresinin təşkil olunması ilə bağlı təşəbbüs ilk dəfə 2012-ci ilin noyabr ayında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgini ziyarət edərkən səsləndirilib. Daha sonra 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatlarının I Milli Konqresi təşkil olunub. Konqresdə 200-dən çox gənclər təşkilatının nümayəndələri, dövlət rəsmiləri, beynəlxalq qurumlar və mətbuat orqanlarının nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə