Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun "Qafqaz Albaniyasının intibahı" layihəsinin proqramı üzrə 7 noyabr 2015-ci il tarixində möhtəşəm qədim alban xristian məbədlərinin yerləşdiyi Qəbələ rayonuna yola düşməliydik. Həmin gün çiskinli bir səhərin açılmasına baxmayaraq, planlaşdırıldığı kimi, avtobusla Qəbələ istiqamətində hərəkətə başladıq. Təbiət nədənsə yolboyu səfər üçün əlverişsiz şərait yaratmağa cəhd edirdi. Hava heç cür açılmaq istəmirdi. Hələ bu azmış kimi yağış yağmağa başladı. Bir qədərdən sonra qatı duman yolumuzun üstünə çökdü. Qarşıdan gələn avtomobillər ancaq yaxınlaşanda göründüyü üçün avtobusu idarə edən sürücü hərəkət sürətini azaltmalı oldu. Buna görə, Qəbələyə nisbətən gec çatdıq. Nəhayət, bu da Qəbələ şəhəri...
Yox, bu sovet dövründə bölgələrə səfər edərkən görməyə alışdığımız şablon görünüşlü adi rayon mərkəzi deyildi. Meqapolis standartlarına uyğun gəlməsə də, biz səliqəli, təmiz bir şəhərdəydik. Qəbələdə ilk dayanacağımız müasir üslubda tikilmiş, əzəmətli Qəbələ rayon Mədəniyyət evi oldu. Binanın içərisi ilə tanışlıq heyranlıq hissini bir qədər də artırdı. Hər tərəfdə bahalı mərmər daşlar bərq vururdu. Rayonun əlaqədar təşkilatlarının nümayəndələrinin müşayiəti ilə bütün yüksək tələblərə cavab verən konfrans zalına daxil olduq və Qəbələnin arxeoloji, memarlıq abidələrinin ölkə, o cümlədən, bölgə sakinlərinin maarifləndirilməsi işində əhəmiyyəti problemlərinə həsr olunmuş dəyirmi masa tədbiri başlandı. Nümayəndə heyətimizin tərkibində tarixçi, arxeoloq, memar, numizmat ixtisaslı alimlərin olması söhbəti müxtəlif aspektlərdə aparmağa imkan verirdi. Tədbir çox canlı keçdi. Qəbələlilər dəyirmi masada fəallıq nümayiş etdirir, Bakıdan gəlmiş ziyalılara nəyinsə xatirinə deyil, düşünülmüş, məntiqli suallar verirdilər. Hiss olu-nurdu ki, həmin suallar həqiqətən də onları maraqlandırır. Əvvəllər "Albaniya" sö-zünü eşidəndə təsəvvüründə Balkan yarımadasındakı müasir ölkəni canlandıran sı-ravi azərbaycanlıdan əsər-əlamət belə qalmamışdı. Bu bizi çox sevindirdi.
Dəyirmi masa uğurla başa çatdıqdan sonra bizi Qəbələ rayon Tarix-Di-yarşünaslıq Muzeyinə dəvət etdilər. Teatr asılqandan başladığı kimi, gözləmə-
diyimiz halda Qəbələ muzeyi onun qapısından başladı. Əgər hətta bu muzeyin içə-risində heç bir maraqlı eksponat olmasaydı belə təkcə onun qapısına baxmaq üçün buraya gəlməyə dəyərdi. Sanki qarşımızda "Əlibaba və qırx quldur" nağılı canlandı. Muzeyin direktoru darvaza yerindəki iri bir qaya parçasına bir barmağı ilə yüngülcə toxunan kimi həmin ağır daş hərəkətə gələrək girişi açdı. Məlum ol-duğu kimi, Qəbələ rayonu ərazisində eneolit dövründən başlamış müasir döv-rümüzə qədər geniş xronologiyaya malik müxtəlif abidələr mövcuddur. Həmin abidələr zəngin eksponatlar vasitəsi ilə muzeydə kifayət qədər dolğun əks olun-muşdular. Muzeydən xoş ovqatla ayrıldıq.
Qəbələ səfərimizin sonuncu istiqaməti rayonun udin icmasının kompakt ya-şadığı Nic kəndindəki Cotari alban-udi xristian məbədinə oldu. Qəbələdə oldu-ğumuz bütün müddət ərzində yağan yağış biz məbədə çatdıqda qəflətən ara verdi. Cotari məbədinin daha qədim müqəddəs Yelisey məbədinin yerində təqribən 300 il bundan əvvəl tikildiyi güman edilir, lakin arxeoloji qazıntıların aparılmaması hələlik həmin fikri qəti surətdə təsdiq etməyə imkan vermir. Məbəd əsaslı təmirdən sonra 2006-cı ildə dini fəaliyyət göstərən kilsə kimi xristian udilərin ixtiyarına verilmişdir. Bizə izah olundu ki, kilsəyə ayaqqabıları çıxarmadan, kişilər başıaçıq, qadınlar isə başı örtüklü daxil ola bilərlər. Həmin qaydaya riayət etməklə içəri keçdik. Məbədin xarici görkəmi nə qədər sadədirsə, daxili görünüşü bir o qədər əzəmətlidir. Ətraf mühitin təzyiqi və sıxıntısı məbədin içərisində tamamilə yoxa çıxır. Burada insan özünü bütün aləmdən təcrid olunmuş kimi hiss edir. İçəridəki yumşaq, həzin xarakterli müsbət aura dərhal ziyarətçini öz ağuşuna alır.
Məbədi tərk edərkən yenidən başlanan yağışla ətraf mühit bir daha özünü bizə xatırlatdı. Səma artıq tamamilə qaralmaq üzrə idi. Başqa abidələri də ziyarət etmək istəsək belə bu artıq mümkün deyildi. Bakıya dönmək lazım idi. Qayıdışımız da gəlişimiz kimi oldu. Yağışın ardınca qaranlıq yola qatı duman çökdü, lakin bu duman tariximizin öyrənmək istədiyimiz səhifələrini öz ağuşuna ala bilmədi. Bu səfər Azərbaycanın maddi-mədəni irsinin varisləri olan bizlər üçün sirlə dolu tariximizin kiçik bir parçasını canlandırmışdı və bu qatı dumanın qaranlıqlarını arxada qoymuşdu.

Mübariz Xəlilov tarix üzrə fəlsəfə doktoru.
AMEA, Arxeologiya və etnoqrafiya İnstitutunun
"Orta əsrlər arxeologiyası" şöbəsinin apar. elmi işçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB