Əli Abbasov RYTN-i necə rüşvətxorluq, korrupsiya məkanına çevirmişdi?
Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib. Bu, gözlənilən idi, desək yanılmarıq. Son illər Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki qanunsuzluqlar barədə mətbuata sızan informasiyalar məlum sərəncamın veriləcəyinə işarə vururdu. Əlbəttə yüksək vəzifəli şəxslərin işə qəbulu və işdən azad olunması Prezidentin konstitusion səlahiyyətlərinə daxil olan məsələdir. Əgər ölkə başçısı belə addım atıbsa deməli buna ehtiyac olub.
Bir müddət öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiya iclasında rabitə sektorunda olan problemlərlə bağlı xəbərdarlıq olunmuşdu. Hətta bu yaxınlarda işdən çıxarılan "Bakı Telefon Rabitəsi" İB rəisi Beytulla Hüseynova da rəhbərlik etdiyi strukturda işlərin günün tələblərinə uyğun qurulmasının vacibliyi barədə xəbərdarlıq olunmuşdu.
Bundan başqa, aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də cəlb edib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Prezidentinin etimadını doğrultmamış, qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaratmışdı.
Prezident İlham Əliyev, ölkə qanunvericiliyi dövlət qurumları və məmurlardan vətəndaşların hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi tələb etdikləri halda, MTN-in sabiq rəhbərliyi və onun orbitinə düşmüş RYTN rəhbərliyi tam əks fəaliyyətlə məşğul olublar.
İlkin araşdırmalar göstərib ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN "generalları" da yaxından iştirak edib, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəyib.
Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Araşdırmaların nəticələrinə uyğun olaraq qanuna zidd əməllərdə iştirak etmiş şəxslər barədə qəti imkan tədbirləri həyat keçirilir və gələcəkdə də keçiriləcəkdir.
Azərbaycan Prezidenti, ölkə rəhbərliyi korrupsiya, rüşvətxorlu və digər bu kimi neqativ halların aradan qaldırılması üçün böyük siyasi iradə nümayiş etdirir. Bundan sonra da Azərbaycan qanunlarına sayğısızlıq nümayiş etdirən hər kəsin aqibəti Eldar Mahmudov, Əli Abbasov və onların qanunsuz əməllərinə şərik olanların aqibətindən fərqlənməyəcək. Ölkədə vətəndaşların qanuni haqlarını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, sahibkarlığa, biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq.
Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə məsələyə münasibət bildirərək deyib ki, vaxtaşırı mətbuatda çıxan informasiyalar nazirliyin faktiki olaraq Milli Təhlükəsizlik Nazirliyi (MTN) rəhbərliyinin xüsusi tapşırıqlarını yerinə yetirən bir təşkilata çevrildiyini göstərirdi: "Prezidentə tabe olan dövlət idarəsi faktiki olaraq dövlət başçısına deyil, özü statusda olan başqa bir nazirlik rəhbərinin tapşırıqlarını yerinə yetirməklə məşğul idi. Həmçinin rabitə ilə bağlı son dövrlərdə cəmiyyətdə xeyli narazılıqlar da var idi. İnternet qiymətinin yüksək olması, RYTN-nın adının müəyyən hallarda hallanmasının özü də cəmiyyətdə gedən söhbətlərdə idi. Həmçinin son hadisələr göstərir ki, nazirlik öz öhdəsinə düşən vəzifəni yerinə yetirməkdənsə, cəmiyyətdə dövlət içərisində dövlət yaradan MTN rəhbərliyinin bir filialına çevrilmişdi. Əlbəttə ki, bütün bunlar dövlət başçısının nəzərindən qaça bilməzdi. Onun işdən azad olunması ölkə rəhbəri qarşısında etimadının itirilməsi ilə bağlı idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB