"Qışda donan su xətlərinin çoxu vətəndaşlar tərəfindən fərdi və primitiv şəkildə təchiz edilib". Bu sözləri SİA-ya açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.
O bildirib ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa olunmuş və tikinti normalarına uyğun olan su xətlərində donma baş vermir, çünki onlar yerin altı ilə aparılır: "Su xətlərində donma əsasən Bakı ətrafı kənd və qəsəbələrdə baş verir. Məsələn, Masazır, Binəqədi, Biləcəri, Sulutəpə, Sabunçu, Suraxanı qəsəbələrində və kəndlərində qış vaxtı su donması baş verir. Çünki buradakı su xətləri əsasən sakinlərin özləri tərəfindən təchiz edilib və heç bir tikinti normalarına cavab vermir. Burada su xətlərinin çoxu yerin üstü ilə aparılıb. Buna görə də şaxta olan zaman xəttə suyun axışı dayanır və su xətləri donmağa başlayır".
Qaynar xəttə gələn məlumatları təhlil etdiklərini və əsas daşıyıcı şəbəkələrdə heç bir problem olmadığını vurğulayan Anar Cəbrayıllı söyləyib ki, problemlər əsasən vətəndaşlar tərəfindən fərdi və primitiv şəkildə yaradılan şəbəkələrdə olur.
Onun sözlərinə görə, vətəndaşlar su borularını müxtəlif vasitələrlə mühafizə edə bilərlər: "Sakinlər su borularını xüsusi izolyasiya olunmuş materiallarla və ya 30 santimetr dərinliyində yerin altına basdırmaqla mühafizə edə bilərlər".
Anar Cəbrayıllı sonda qeyd edib ki, bu ərazilərdə təhciz olunan su xətləri haqda "Azərsu" ASC-yə müraciət olunmayıb: "Burada tikilən evlərin 90 faizinin sənədi yoxdur. Vətəndaşlar buraya qeyri-qanuni su xətti çəkib və bütün xərcləri də özləri çəkib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB