"Əgər həvəs yoxdursa, onu ali təhsil almağa məcbur etmək olmaz". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Dəyanət Rzayev deyib. O, tələbələrin təhsilə marağının azalması faktını şərh edib.
Dəyanət Rzayev bildirib ki, bu gün diplomu olan ali məktəb məzunları ticarətlə məşğul olur, onları ali təhsilli şəxs kimi qiymətləndirmək olmaz: "Bazarda ticarətlə məşğul olan şəxslə danışdıqda mənə universitet bitirdiyini deyir. Lakin mən bunu ali təhsil hesab etmirəm. Həmin şəxsin sadəcə diplomu var.
Bu gün tələbələr testlər vasitəsilə imtahanlardan keçib universitetlərə qəbul olurlar. Universiteti bitirdikdən sonra isə heç yerdə iş tapa bilmirlər. Çünki uşaq özü istəyərək bu sənəti seçməyib və öz istəyi ilə universitetə daxil olmayıb. Əgər həvəs yoxdursa, onu ali təhsil almağa məcbur etmək olmaz.
Bil Geyts, Stiv Cobs və s. kimi şəxsləri gözünüzün qarşısına gətirin. Onların heç birinin diplomu olmayıb. Lakin onlar bacarıqlı olduqları bir sahə üzrə çox gözəl fəaliyyət göstərirlər. Mən bu şəxsləri ali təhsili olmayan insanlar kimi qələmə verməzdim. Onlar akademikdən belə üstün səviyyədədir".
Psixoloqun sözlərinə görə sovet dövründən qalan ənənələrimiz hələ də davam edir: "Bəzən valideyn düşünür ki, qızı evlənəcək və onun həyat yoldaşı ona işləməyə imkan verməyəcək. Qız nişanlı olduğu halda universitetdə təhsil alır və onun nə həvəsi, nə də savadı var. Burdan belə nəticə çıxır ki, valideyn qızını universitetdə diploma görə oxutdurur. Lakin anlamır ki, diplom sadəcə kağız parçasıdır. Əgər tələbənin savadı yoxdursa, onun aldığı diplomun da bir dəyəri yoxdur. Həmin tələbə üçün isə dövlət müəyyən qədər pul xərcləyir".
Onun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə ali məktəblərə qəbul imtahansızdır: "Onlar çox yaxşı bilirlər ki, oxumaq istəməyən tələbə onsuzda ali məktəbdə də təhsil almayacaq. Bəzən valideynə uşağını niyə oxutdurursan deyə sual verdiyimdə cavab verirlər ki, qoy oxusun da... Halbuki uşaq özü oxumaq istəmir. Onu oxumağa məcbur etmək olmaz. Savadı və bacarığı olmayan bir tələbə həmin diplomdan onsuzda istifadə edə bilməyəcək. Məncə, özümüzü bu barədə tənqid etməliyik".
Çox uzağa getməyən psixoloq özündən bir misal çəkib: "Mənim övladım 2-ci sinifdə oxuyur. Bu yaxınlarda dərsdə həyəcanlandığı və vərəqi boş verdiyinə görə ağlayıb. Uşaqların üstünə getmək olmaz. Müəllim onlara nəzakətlə davranmalıdır. Lakin şagird bu nəzakəti müəllimdən görmədiyi üçün ağlayıb. Bunu müəllimlərin aldığı az maaşla əlaqələndirmək olmaz. Üstəlik müəllimin valideynə qarşı kobud rəftarı da qəbuledilməzdir.
Belə məqamlarda uşaq təhsilə küsür və məktəbə getmək istəmir. Buna görə də müəllim uşağı sındırmamalı, təhqir etməməlidir. Çünki hər şey orta təhsildən başlayır.
Bugünkü əsrdə o dövlət güclü hesab olunur ki, onun ağıllı insanları var. Bu da hər şeyin təhsilə bağlı olduğunu bir daha sübut edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB