Bir qrup alim, professor-müəllim heyəti Qəbələyə səfər edib

Bir qrup alim, professor-müəllim heyəti Qəbələyə səfər edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə ölkəmizin bir qrup alimi, professor-müəllim heyəti tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib. "Qafqaz Albaniyasının intibahı" layihəsi çərçivəsində təşkil edilən səfər zamanı qonaqlar rayonun tarixi-mədəniyyət abidələri ilə yaxından tanış olublar.

Əvvəlcə Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq olub. Nümayəndə heyətinə məlumat verilib ki, 1980-ci ildən fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyinin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat toplanıb. Muzeydəki arxeoloji, etnoqrafik materiallar, xalq tətbiqi sənəti nümunələri, qədim əlyazma və çap məhsulları qonaqların diqqətini xüsusilə cəlb edib. Doqquz yüz kvadratmetr ərazisi olan muzeydə 13 ekspozisiya zalı, Heydər Əliyev xatirə guşəsi, şəkil qalereyası, zəngin elmi kitabxana, qədim daş abidələrdən təşkil olunmuş sərgi meydançası vardır.

Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla tanış olan qonaqlar Qafqaz Albaniyasının 900 il paytaxtı olmuş qədim Qəbələ şəhərinin və bu günədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketinə, aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinə maraqla tamaşa ediblər. Muzeyin xatirə kitabı və tanınmış simaların muzey barədə qeydləri qonaqlarda xoş təəssürat yaradıb.

Daha sonra qonaqlar rayonun Nic qəsəbəsindəki "Cotari" udi-alban kilsəsinə baxıblar. Qəsəbədə yaşayan azsaylı xalqların həyat tərzi və adət-ənənələri, kilsənin tarixi, fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan konfransda Bilik Fondunun, rayon icra hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin, tarix-diyarşünaslıq muzeyinin rəhbər şəxsləri Qafqaz Albaniyasının zəngin tarixi ilə bağlı çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə