Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub

Bəzi kütləvi informasiya vasitələri "Gizli dinləmələrin qalmaqalı" sərlövhəli "sensasiya" xarakterli materiallar yayıblar. Müdafiə Nazirliyinin mətbuat xidməti bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, haqqında bəhs edilən Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub. Onun Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.

Məlumatda qeyd edilir ki, nazirliyin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur. Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur.

Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə növbəti dəfə müraciət edərək, onları daha diqqətli və məsuliyyətli olmağa, yalan və şayiələri yaymamağa çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə