"Azərbaycandakı adaları kazinolar vasitəsilə dirçəltmək olar". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, Azərbaycana məxsus adalarda turizm sektorunun açılması fikrini şərh edib.
İqtisadçının sözlərinə görə, bunun üçün dövlət müəyyən infrastruktur yaratmalıdır, çünki Azərbaycan adalarının əksəriyyətində infrastruktur yoxdur: "Bunu etməzdən öncə də xəbərdarlıq etməlidir. İnfrastruktur dedikdə içməli su, işıq, nəqliyyat vasitəsi, kanalizasiya sistemi və s. nəzərdə tutulur. Bunun üçün dövlət tərəfindən ciddi yatırımlarına ehtiyac var. Əgər infrastruktur layihələri həyata keçirilsə, bu biznesmenlər və sahibkarlar üçün cəlbedici hala gələ bilər".
Natiq Cəfərlinin fikrincə adalarda elə bir turizm strukturu yaradılmalıdır ki, bu digər istirahət guşələrində olmasın, məhz bu yolla insanlar istirahət üçün adalara getməyi düşünə bilərlər: "Qəribə səslənsə də, buna kazino və oyun zonalarının yaradılmasını misal göstərə bilərik. Doğrudur, bu Azərbaycan qanunvericiliyinə əsasən qadağan edilib. Lakin adalarda kazino və ya oyun zonalarının yaradılması bu zonanı cəlbedici edə bilər.
Bu bir çox ölkələrin praktikasında var. Məsələn, vaxtilə Amerikada səhralıq bir zonada Las Veqas kimi əyləncə şəhərciyi yaradıldı. Digər bir nümunə Rusiyada tətbiq edilib. Rusiyada yalnız 4 zonada kazino açmaq olar, digər bölgələrdə isə bu qadağandır. Məhz bu praktika adalar üçün də tətbiq edilə bilər. Təbii ki, bunun üçün qanunvericilikdə müəyyən dəyişiklik etmək lazımdır".
Natiq Cəfərli bildirib ki, buna bənzər addımlarla həmin adalarda müəyyən bir infrastruktur qurub onları dirçəltmək və turizm mərkəzinə çevirmək olar: "Sırf dəniz turizmi yaratmaq olmaz. Bu turistləri bir o qədər də cəlb etməz. Çünki xarici ölkələrdə Türkiyə və Yunanıstanda bu tip turizm mərkəzləri var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB