Bayraq qürur yerimiz, dövlət rəmzimiz, milli kimliyimizdir

Bayraq qürur yerimiz, dövlət rəmzimiz, milli kimliyimizdir

Suraxanıda, Heydər Əliyev Parkındakı Bayraq Meydanında rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Rayon icra hakimiyyətindən bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.

İcra hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, bayraq qürur yerimiz, dövlət rəmzimiz, milli kimliyimizdir. Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilib, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılıb. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilib.

Bildirilib ki, Ulu Öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır.

İcra başçısı çıxışını Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə yekunlaşdırıb: "Bizim bayrağımız bizim müstəqilliyimizin rəmzidir, bizim bayrağımız bizim qürur mənbəyimizdir, bizim canımızdır, bizim ürəyimizdir. Azərbaycan bayrağı Dağlıq Qarabağda, Şuşada və bu gün hələ də işğal altında qalan başqa torpaqlarımızda dalğalanacaq. Eşq olsun Azərbaycan bayrağına, eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!"

Tədbirdə YAP Suraxanı rayon gənclər təşkilatının hazırladığı ədəbi-bədii kompozisiya göstərilib.

Sonra gənlərin təşəbbüsü ilə "Hər evə bir bayraq" aksiyasına start verilib.

Noyabrın 7-də Suraxanı rayon ictimaiyyətinin nümayəndələri Dövlət Bayrağı Meydanını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə