KÖŞƏ YAZISI. HAMIMIZA QOYUN DEDİ

KÖŞƏ YAZISI. HAMIMIZA QOYUN DEDİ

Sizə adi bir hekayə danışacam. Adi amma bir o qədər də qeyri-adi.

Dayanacaqda durub marşrutun gəlməsini gözləyirdim. Budur, uzaqda avtobus peyda olur. İki təkər üstündə, yırğalana-yırğalana dayanır düz qabağımda. Qapılar açılır. Dəhşətli sıxlıq var. Amma tələsdiyim üçün avtobusa minmək məcburiyyətində qalıram. Belə ki, avtobus hərəkətə gəlir və musiqiyə "xod" verilir. Qulaq deyəni ağız eşitmir...

Birdən ətrafa baxdım və heç vaxt fərqinə varmadığım bir şeyin fərqinə vardım. Ayaqüstündə duran sərnişinlər oturanlara düşmən kimi baxırdı. Həmişə insanların metroda və avtobusda sərt durduqlarını görürdüm amma ilk dəfə idi ki, onların oturan sərnişinlərə belə düşməncəsinə baxdığını hiss etmişdim. Nə isə, bəlkə də bu sadəcə mənim şəxsi fikrimdir...

Avtobus dayanacaqda durur. Oturan bir qadın çantasından pulu çıxardır və ayağa qalxmağa çalışır. Elə hey cəhd edir ki, ayağa qalxsın, sıxlıq qabağını kəsir. Burada deyirlər ki, eşşəyə minmək bir dərd, düşmək iki dərdir.

Yenə də bir təhər ayağa durur. Elə bu zaman başının üstündə dayanan iki qadın boşalmış oturacağa balaca uşağın yelləncəyə baxdığı kimi baxmağa başlayırlar. Təbii ki, onlardan yaşlı qadın daha təcrübəli idi. O daha öncə çantasını oturacağın üstünə atır, sonra isə cəld bir hərəkətlə keçib özü oturur. Digər qadın isə baxa-baxa qalır. Həmin an oturan qadının üzündə məğrur bir ifadə yaranır. Çünki o artıq özünü günün qəhrəmanı hesab edirdi. Onu başa düşməyə çalışdım və bir anda özümü "Ceyms Bond" filmlərindəki kimi hiss etdim.

Dayanacaqdakı insanlar avtobusa minməyə çalışırdı. Hətta biri aşağıdan avtobusdakılara tövsiyə də verirdi: "Bu avtobuslar "bezrazmerdi"... Sıxlaşın, biz də minək". Maraqlısı onda idi ki, bayaqdan avtobusa həsrətlə baxan və min bir dua ilə sonunda içəri daxil olmağı bacaran qadın indi aşağıdakılara: "Əşi, hara minirsiz, görmürsüz yer yoxdur?" – deyirdi.

Artıq məsələyə sürücü müdaxilə edir: "Ya düşün aşağı, ya da sıxlaşın gedək!". Təbii ki, bizim humanist millət bir az daha sıxlaşaraq yola davam etməyi seçir. Bu zaman da narazılıq artır. "Ay kişi, mindim belimə", "ay xala, öldürdün məni", "keç, o yana", "tapdaladın ayağımı", "indi tapdalayaram səni" kimi ifadələr dillərdən düşməz olur.

Yenə növbəti dayanacaqda avtobus dayanır. Artıq sürücü ağlını itirib: "Ortada düşən var?".

Sərnişində bu suala nə cavab verəcəyini bilmir: "Bəli, ortada düşən var...".

Gediş haqqı məsələsindən isə danışmağa ehtiyac yoxdur. Sürücü artıq buna da bir çarə tapır: "Gediş haqları ilə zarafat etməyin!".

Bir anlıq dərin bir düşüncəyə daldım: "Birazdan son dayanacağa çatacağıq və bayaqdan çəkdiyimiz bütün əziyyət sona çatacaq. Ən azından nəfəs ala bilirik. Bundan da pis günlərimiz olub...". Elə bilirsiz zarafat edirəm? Yox! Bəs, gülməlidir? Yox! Əksinə ağlamalıdır...

Amma haradan bilə bilərdik ki, bu hələ son deyil. Hələ hekayənin kuliminasiya hissəsi qabaqda idi. Belə ki, yerdə qalan bir qadın avtobusa minməyə çalışırdı. Qışqıra-qışqıra: "Sıxlaşın da, biz də minək!" – deyirdi. Amma indi insanların sıxlaşmağa nə səbri, nə də yeri qalmışdı. Hamı səs-küydən yorulmuşdu. Lakin qadın susmadı və kobud bir rəftarla insanları əzə-əzə içəri keçdi. Bir-neçə saniyə avtobusdakı insanların üzünə çəp-çəp baxdı və sonra isə: "Necə baxırlar adamın üzünə?! Elə bil qoyundular!" – dedi. Bu sözə heç kəs reaksiya vermədi. Bir anlıq sükut çökdü. Az sonra yaşlı bir kişi sanki yuxudan oyanaraq başını narazı bir şəkildə tərpətdi və üzünü sərnişinlərə tutdu: "Hamımıza qoyun dedi!...".

Bəli, o qadın hamımıza, mənə, sənə və bizlərə qoyun demişdi...

Bütün xəbərlər Facebook səhifəmizdə