Nəsimi RİH Bayraq gününü cəbhə bölgəsində qeyd etdi FOTOLAR

Nəsimi RİH Bayraq gününü cəbhə bölgəsində qeyd etdi FOTOLAR

Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar sənət adamları Dövlət Bayrağı günü ilə əlaqədar 05.11.2015-ci il tarixdə Daxili Qoşunların Bərdə rayonunda yerləşən hərbi hissəsində olub, əsgər və zabit heyəti ilə görüş keçirib, nümunəvi xidmət göstərən əsgərlərə mükafatlar təqdim ediblər.

Noyabrın 6-da nümayəndə heyəti rayonun hamilik etdiyi cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı "N" saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gəlib. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara gətirdikləri hədiyyələri çatdırıblar. Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.

O bildirib ki, Ginnesin rekordlar siyahısına düşmüş, dünyanın ən yüksək bayrağının dalğalandığı möhtəşəm Dövlət Bayrağı Meydanı Azərbaycandadır. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şəraitdə hərbi hissənin şəxsi heyətinə şərəfli xidmətlərində uğurlar arzulayıb və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb. Hərbi hissə komandanlığı adından çıxış edən hərbi hissənin komandiri şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Dövlət Bayrağı günü münasibəti ilə keçirilən tədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yüksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Sonra respublikamızın populyar müğənnilərinin - Sevil və Sevinc Səfərovaların, Abdul Xaliq Quliyevin iştirakı ilə hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunub, gözəl ifalar əsgərlər tərəfindən xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanıb.

Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə