Eldar İbrahimov: "Radikal-ekstremistlərin addımları bəribaşdan iflasa məhkumdur"
"İstər ilk Avropa Oyunları, istərsə də sonuncu parlament seçkiləri zamanı bəzi qeyri-sağlam daxili və xarici qüvvələr, xüsusilə, pusquda dayanmış radikal-ekstremist təmayüllü qruplar ölkəmizdə planlaşdırdıqları məkrli niyyətlərinə nail ola bilmədikləri üçün indi yenidən öz çirkin məqsədlərini həyata keçirmək niyyətindədirlər, bu yöndə cəhdlərə baş vururlar". SİA-nın verdiyi məlumata görə, bunu gün.az-a açıqlamasında parlamentin komitə sədri, YAP-ın idarə Heyətinin və Siyasi Şurasının üzvü Eldar İbrahimov deyib.
YAP rəsmisinin sözlərinə görə, amma həmin məkrli dairələr və qruplar hələ də dərk etməyib və anlamayıblar ki, onların qarşısında ötən əsrin 90-cı illərinin əvvəllərinin zəif, gücsüz Azərbaycanı deyil, artıq ölkə prezidenti İlham Əliyevin rəhbərlik etdiyi - dünyanın lider, aparıcı, söz və nüfuz sahibi dövlətlərindən biri olan müstəqil Azərbaycan dövləti var, dayanır.
Komitə sədri xatırladıb ki, ümumiyyətlə, müstəqilliyinin 24 ili ərzində Azərbaycan dövləti bəzi siyasi, dini təmayüllü qüvvələr tərəfindən dəfələrlə bu cür cəhdlərlə üzləşib, ölkədə sabitliyin pozulması, qarışıqlığın yaranması, xaos və anarxiyanın hökm sürməsi, bunun da fonunda məkrli dairələrin Azərbaycanla bağlı alçaq layihələrinin həyata keçirilməsinə çalışılıb, amma bu cəhdlər baş tutmsyıb, alınmayıb.
"Nə Azərbaycan cəmiyyəti bu cəhdlərin qarşısında geri çəkilib, ona dəstək verib, nə də Azərbaycan hakimiyyəti. Azərbaycan cəmiyyəti ilə Azərbaycan hakimiyyəti əlbir, birlikdə bu cəhdlərin qarşısını uğurla, müvəffəqiyyətlə və qətiyyətlə alıblar. Xüsusilə də, Azərbaycanın dünyəviliyinə, unitarlığına zidd mövqe sərgiləyən, əsasən də kənar dövlətlərdən rişələnən qüvvələrin məkrli niyyət və planları beşiyindəcə boğulub.
Azərbaycan Konstitusiyasında da birmənalı göstərilib ki, ölkəmiz unitar, hüquqi, demokratik, dünyəvi-sivil dövlətdir. Burada dövlətlə din ayrıdır və bu baxımdan, heç bir qüvvə, o cümlədən, radikal-ekstremist təmayüllü dairələr də bu əsas, ana dəyərlərə xələl gətirə bilməz. Onların bu yöndə addımları elə bəribaşdan iflasa məhkumdur.
Radikal-ekstermist təmayüllü qüvvələrdən də söz düşmüşkən, onlar yuxarıda da qeyd etdiyim kimi, əsasən ölkə hüdudlarından, xüsusən, özünü islamın, müsəlman aləminin təəssübkeşi sayan, əslində isə daim bu təəssübkeşlikdən uzaq olan bəzi dövlətlərin, dairələrin əlaltılardır. Özü də böyük əksəriyyəti heç Azərbaycan vətəndaşları deyil və ya Azərbaycanda yaşamırlar.
Onlar arxalarında duran dairələrin köməyindən, o cümlədən, internetin, sosial şəbəkələrin gücündən istifadə edərək Azərbaycanda örgütlənməyə, təşkilatlanmağa və bununla da ölkəmizdəki sabitliyi, əmin-amanlığı pozmağa çalışırlar. Amma onlar bir daha qəti şəkildə əmin olsunlar ki, nə özləri, nə də onların arxasında gizlənən xəyanətkar əllər murdar niyyətlərinə cata biləcəklər, əksinə, öz layiqli cavablarını daha kəskin şəkildə iflasa məhkum olmaqla alacaqlar.
Heç bir qüvvə, heç bir dairə, heç bir dövlət bu günə kimi Azərbaycan dövləti ilə bacarmadığı kimi, bundan sonra da bacara bilməyəcək. Azərbaycan dövləti hər zaman olduğu kimi, bundan sonra da həmin dairələrin qarşısında dimdik dayanacaq və hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda daha böyük zəfərlərə imza atacaq. Buna hamı əmin olsun, elə həmin radikal-ekstremist təmayüllü qüvvələr və onlasrın arxasında gizlənənlər də", - deyə E. İbrahimov daha sonra sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB