Gənclər problemləri niyə qol gücü ilə həll etməyə çalışırlar? PSİXOLOQ RƏYİ

Gənclər problemləri niyə qol gücü ilə həll etməyə çalışırlar? PSİXOLOQ RƏYİ

"Hər-hansı problemi qol gücü və ya hansısa qeyri-qanuni yolla həll eləməyə çalışan insanlar əsasən eyni yaş dövrünə aid olurlar. Yəni, əsasən yeniyetməlik dövründən gənclik dövrünə qədəm qoyan insanlar belə yollara əl atırlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Təhminə Çələbi deyib. O, yeniyetməlik dövrünün insanlarda ən çətin dövr olduğunu, bu müddətdə xasiyyətinin formalaşdığını qeyd edib: "Xasiyyətin formalaşmasında isə valideynlərin, məktəbin, dostların və ətraf mühitin rolu böyükdür. Bu dövrdə oğlanlarda elə xarakter formalaşır ki, o, daim öz ailəsini, ətrafını və dostlarını qorumağa çalışır.

El arasında buna kişilik xarakteri də deyirlər. Həmin insan düşünür ki, kimsə ona bir söz deyibsə, o, mütləq cavabını verməlidir. Elə bilir ki, o nə isə etməsə, ətrafdakılar ona hörmət etməyəcək, özü isə alçalmış olacaq. Burada insan öz eqosunu, adını qorumağa çalışır. Əslində belə insanlar psixoloji cəhətdən düzgün formalaşmayıblar. Əsas dəyərlər ailə, sevgi və s. olmalıdır. Ancaq burada dəyər insan eqosudur. Belə məqamda məsələni qol gücü ilə yox, ağılla həll etmək lazımdır".

T. Çələbi insanın psixoloji cəhətdən düzgün formalaşması üçün vacib şərtlər barədə də danışıb: "İnsanın psixoloji cəhətdən düzgün formalaşmasında ailə, məktəb və ətraf mühitin rolu böyükdür. Burada cəmiyyətin də günahı var. Cəmiyyətdə də maarifləndirmə işləri aparmaq lazımdır. Buna isə məktəblərdən başlamaq lazımdır. Çox insanın ağlına da gəlmir ki, hansısa neqativ halla qarşılaşdıqda 102 polis xidmətinə zəng etmək lazımdır. İnsanların bəzi hissəsi isə hüquqlarını bilmirlər. Bu isə maarifləndirmənin aşağı olmasından irəli gəlir. Düşünürəm ki, bu istiqamətdə profilaktik tədbirləri çoxaltmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə