Qaz sayğacları dəyişdirilir

Son illər ölkəmiz üçün mövcud yeniliklərdən biri də "Azəriqaz" İstehsalat Birliyi tərəfindən köhnə mexaniki qaz sayğaclarının yeni smart tipli sayğaclarla əvəzlənməsi olub. SİA-ya verilən məlumata görə, bu sayğacların əsas xüsusiyyəti abonentlərin qazla təminatını öncədən ödəniş etməklə həyata keçirmək və eyni zamanda istehlakçıların təbii qazdan təhlükəsiz istifadə edilməsini təmin etməkdir. Lakin istehlakçılar təbii qazdan istifadə zamanı muvafiq təhlükəsilik qaydalarına düzgün riayət etmədikdə sayğacın klapanı bağlanır, sayğac koda düşür və avtomatik olaraq sayğac tərəfindən təbii qazın verliməsi dayanır.

Bütün bunları nəzərə alaraq "Azəriqaz" İB göstərilən xidmətin yaxşılaşdırılması və istehlakçıları fasiləsiz təbii qazla təmin edilməsi istiqamətində daha bir yenilik etmişdir. Artıq smart tipli qaz sayğacları koda düşdüyü zaman abonentlər öz kartları vasitəsi ilə sayğacı işə sala biləcəklər. Bunun üçün müvafiq proqram təminatında işlər aparılmışdır. Qeyd edək ki, abonentlər öz kartları ilə yalnız "ALARM 3", "ALARM 5" və "FO-44" koda düşmələrini aradan qaldıra bilərlər.

Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər.

1. Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN və ya daha artıq miqdarda məbləğ ödənilir.

3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

5.Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır.Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur.

Nəzərinizə çatdırırıq ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur. Sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ isə abonentin balansına əlavə olunur və istehlakçı həmin məbləğə uyğun təbii qazdan istifadə edə bilər.

"Azəriqaz" İstehsalat Birliyi abonentlərin təhlükəsizliyini təmin edilməsi və müştəri məmnumniyyətinin qazanılması üçün yeniliklər etməklə işlərini uğurla davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə