Səfirliyimizdə amerikalı tələbələrlə görüş keçirilib

Səfirliyimizdə amerikalı tələbələrlə görüş keçirilib

ABŞ-ın nüfuzlu Corctaun Universiteti ilə qurulmuş işgüzar əməkdaşlıq çərçivəsində Azərbaycanın ABŞ-dakı səfirliyində bu universitetin regionumuza maraq göstərən bir qrup tələbəsi ilə görüş keçirilib.

Tələbələr qarşısında çıxış edən səfir Elin Süleymanov Azərbaycanın geostrateji mövqeyi, keçdiyi tarixi yol, əldə etdiyi uğurlar və xüsusilə, ölkəmizin iştirakı ilə həyata keçirilən regional enerji layihələri haqqında məlumat verib. Səfir müsəlman Şərqində ilk demokratik respublika kimi adını tarixə yazmış Azərbaycanın müasir dövrümüzdə regionun aparıcı ölkəsi qismində bir sıra mühüm layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərinin inşasına nail olduğunu vurğulayıb və hazırda Cənub Qaz Dəhlizi üzrə aparılan işlərdən danışıb.

Elin Süleymanov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın enerji strategiyası nəinki ölkəmiz, bütövlükdə regionun iqtisadi inkişafına təkan verib və gerçəkləşdirilmiş layihələr bölgəmizin coğrafiyasını dəyişib.

Səfir, həmçinin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə, qarşılıqlı maraqlara söykənən münasibətlərin daşıdığı əhəmiyyətə toxunub. Diplomat bildirib ki, ABŞ-ın Azərbaycanda parlament seçkilərinə dair bəyanatı qəribə məntiqə əsaslanır. O əlavə edib ki, ABŞ bir tərəfdən, ATƏT-in Demo-kratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mövcud səlahiyyətlərini aşaraq, öz mandatına zidd şəkildə Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina qərarına dəstək verir, digər tərəfdən isə bu müşahidənin baş tutmamasından şikayətlənərək, seçkilərə dair münasibət bildirməyin mümkünsüz olduğunu göstərir. Səfir bir daha ABŞ-ın öz tərəfdaşlarına münasibətdə ikili standartlar deyil, aydın və konstruktiv yanaşmaya əsaslanan siyasət yürütməli olduğunu deyib.

Səfir tələbələrinin diqqətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu ağır nəticələri çatdırıb və öz təcavüzkar siyasəti nəticəsində Ermənistanın faktiki olaraq, müstəqillikdən məhrum olduğu və özünü bütün inkişaf perspektivlərinin xaricində qoyduğunu söyləyib.

Sonda səfir Süleymanov tələbələrin müxtəlif səpkili suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə