Torpaqlardan təyinatı üzrə istifadə edilir

Torpaqlardan təyinatı üzrə istifadə edilir

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin nümayəndələrinin iştirakı ilə torpaqların təyinatı üzrə istifadəsinə dair ardıcıl olaraq maarifləndirici tədbirlər keçirilir. Növbəti belə tədbir Kəngərli Rayon İcra Hakimiyyətində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, torpaq üzərində mülkiyyət hüququnun təmin edilməsi mövzusunda keçirilən maarifləndirici tədbirdə rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Möhbalıyev tədbirin mahiyyəti barədə danışıb, torpaqlardan səmərəli istifadə olunmasının əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri İntizar Həziyev çıxış edərək bildirib ki, torpaq qanunvericiliyinin tələblərinə əməl edilməsinin vəziyyətini müəyyənləşdirmək məqsədilə 2015-ci ilin sentyabr ayında komitə tərəfindən muxtar respublikanın şəhər və rayonlarında yoxlamalar aparılıb. Yoxlamalar zamanı yerlərdə torpaqlardan istifadə ilə bağlı qanun pozuntularına rast gəlinib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, torpaqların özbaşına tutulması qadağandır. Özbaşına tutulan torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi, orada olan binalar, tikililər və qurğuların sökülməsi torpaqları zəbt edən hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov bildirib ki, torpaq qanunvericiliyinə əsasən, müəyyən kateqoriyaya aid edilən torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız onun təyinatının dəyişilməsindən sonra yol verilə bilər. Torpaqların kateqoriyalarının qanunsuz dəyişdirilməsi isə İnzibati Xətalar Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan qaydada məsuliyyətə səbəb olur.

Diqqətə çatdırılıb ki, torpaqların zəbt olunmasının qarşısını vaxtında almayan cavabdeh şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsində nəzərdə tutulan qaydada səhlənkarlıq əməlinə görə məsuliyyət daşıyırlar. Həmin əməli törədən şəxslər isə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlə və ya 2 ilədək müddətdə islah işləri və ya 6 ayadək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bələdiyyə rəhbərləri, işçiləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr də cinayət qanunvericiliyinə əsasən vəzifəli şəxslər hesab olunurlar və torpaqların mühafizəsinə cavabdehdirlər.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə