Gəncədə Milli Məclisə keçirilən seçkilər səhər saat 8-də mütəşəkkilliklə başlayıb. Havaların yağışlı və soyuq keçməsinə baxmayaraq, insanlar səhər tezdən seçki məntəqələrinə gəlir, öz iradələrini sərbəst şəkildə ifadə edirlər.
37 saylı Nizami I (Gəncə) dairə seçki komissiyasinin 254 nömrəli ATS-in binasında yerləşən 10 saylı seçki məntəqəsində böyük canlanma var. Seçkilərə ciddi hazırlığın nəticəsidir ki, səsvermə prosesi mütəşəkkil gedir. Seçicilər heç bir müdaxilə olmadan öz arzularını ifadə edərək istədikləri namizədə səs verirlər. Yaşı 70-i ötmüş el ağsaqqalı Yuniz Manafov deyir: "Mən ölkəmizdə keçirilən bütün seçkilərdə iştirak etmişəm. Həmişə çalışmışam ki, gənclərə nümunə olum. İndi də tezdən gəlmişəm ki, seçdiyim, etibar etdiyim namizədə səs verim. Burada hər cür şərait yaradılıb. Bu da onu göstərir ki, artıq müstəqil respublikamızda seçki mədəniyyəti formalaşıb".
Məntəqədə seçkiləri izləyən MDB-nin Parlamentlərarası Müşahidəçilər Şurasının nümayəndəsi, Rusiya Federasiyası Başqırdıstan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Xaydar Voliyev AZƏRTAC-ın müxbirinə ilkin təəssüratlarını bölüb: "Bir neçə seçki məntəqəsində olmuşam. Seçkilərin şəffaf və demokratik keçməsi üçün çox iş görülüb. Seçicilər sərbəst seçimlərini edirlər".
Seçicilərin ən çox fəallıq göstərdikləri məntəqələrdən biri də 38 saylı Nizami II (Gəncə) dairə seçki komissiyasının 10 nömrəli məntəqəsidir ki, burada da böyük izdiham hökm sürür. Məntəqənin sədri Telman Musayev seçkinin gedişi ilə bağlı deyib: "Məntəqəmizdə 1062 nəfər seçici var. Gördüyünüz kimi, böyük seçici fəallığı müşahidə olunur. Seçkinin şəffaf, azad və demokratik keçməsinə əmin olan insanlar böyük həvəslə məntəqəyə gələrək öz arzularını ifadə edirlər".
Məntəqədə müşahidəçilərə lazımi şərait yaradılıb. Onlardan biri - müstəqil müşahidəçi Niyaz Məmmədov seçkinin gedişinə münasibətini bildirib: "Hələlik heç bir qanun pozuntusu müşahidə etməmişik. Seçicilər istədikləri namizədə səs verməkdə sərbəstdirlər".
Qeyd edək ki, məntəqələrdə müşahidəçilərin və mətbuat nümayəndələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Onlar ayrılmış yerdə sərbəst şəkildə seçkinin gedişini izləyirlər.
Seçki prosesi 39 saylı Kəpəz I (Gəncə) və 40 saylı Kəpəz II (Gəncə) seçki dairələrini əhatə edən məntəqələrdə də mütəşəkkilliklə başlayıb. Demək olar, bütün məntəqələrdə qələbəlik hökm sürür. İnsanlar növbə ilə səsvermə prosedurundan keçir və istədiyi namizədə səs verirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB