Lənkəranda Səməd bəy Mehmandarovun 160 illiyi qeyd olunub

Lənkəranda Səməd bəy Mehmandarovun 160 illiyi qeyd olunub

Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən Lənkəran Qarnizonu Zabitlər evində artileriya general-mayoru Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə,tədbiri polkovnik-leytenant Etibar Əliyev açaraq konfransın məqsədi barədə ətraflı məlumat verib.

Daha sonra Lənkəran Dövlət Universitetinin dosenti Əliağa Baxşıyev general-mayor Səməd bəy Mehmandarovun həyat yolu barədə geniş məruzə edib. Məruzədə onun ailəsinin Lənkərana köçməsi, burada aldığı ilk təhsil illərindən və təhsilini davam etdirərək Rusiyada çar ordusunun tanınmış sərkərdələrindən biri kimi şöhrət tapmasından bəhs olunub. Bildirilib ki, artileriya general-mayoru Səməd bəy Mehmandarov Xalq Cümhuriyyəti rəhbərlərinin dəvətini qəbul edərək, müstəqil dövlətin ilk müdafiə Naziri kimi hərbi quruculuq məsələlərində və milli ordunun formalaşmasında var qüvvəsini əsirgəməyib. Diqqətə çatdırılıb ki, çar Rusiyası Ordusunda öz hərbi bacarığı, aydın zəkası ilə dünya hərb tarixinə adını yazan, "artileriyanın allahı" adlandırılan hərbi xadim Səməd bəy Mehmandarovun zabit prinsipiallığı və şərəfinə sədaqəti bu gün də hər bir əsgər və zabitimiz üçün nümunədir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə