Baş Prokurorluq intihar hadisəsinə aydınlıq gətirdi

Baş Prokurorluq intihar hadisəsinə aydınlıq gətirdi

Bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyri-peşəkarlıq göstərilərək, ailə-məişət zəminində yaranmış davamlı mübahisələrin nəticəsi olaraq ailə başçısının intihar etməsi hadisəsi oxucu diqqəti cəlb etmək üçün "sensasiya donu" geyindirməklə cəmiyyətə təqdim olunub.

İctimai rəyi çaşdırmağa yönəlmiş yalan məlumatları gələcəkdə də dərc edəcəkləri təqdirdə, barələrində inzibati və cinayət məsuliyyəti daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən həmin kütləvi informasiya vasitələrinin rəhbərlərinə şifahi xəbərdarlıq edilib.

"Sahibkar atasının qəbri üstündə özünü güllələyib" başlığı altında ictimaiyyətə təqdim edilmiş informasiya ilə əlaqədar bildiririk ki, həmin hadisə oktyabrın 30-da Ağdaş rayonunun Güvəkənd kəndində baş verib. Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Mirələm İsmayılov saat 12 radələrində kənd qəbirstanlığında ov tüfəngindən atəş açmaqla intihar edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, əvvəllər Ağdaş və ətraf rayonlarda biyan bitkisi kökünün istehsal məqsədi ilə toplanması və təhvil verilməsi işi ilə məşğul olmuş M.İsmayılov başqa qadınla qeyri-rəsmi ailə qurub, azyaşlı övladının olması səbəbindən ailə üzvləri ilə aralarında ciddi narazılıqlar yaranıb. Bundan başqa, o, hərraca çıxarılmış avtomobillərin alqı-satqısı prosesində müstəqil ekspert kimi fəaliyyət göstərməklə, ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq geri qaytara bilməyib. İlkin ehtimallara görə, M.İsmayılovun intihar etməsinin səbəbləri həmin xüsusatlardır.

Bununla yanaşı, hadisənin digər səbəblərdən baş vermə fərziyyələri ətrafında istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə