Yağış Lənkəranda və Masallıda bir sıra fəsadlar törədib FOTOLAR

Yağış Lənkəranda və Masallıda bir sıra fəsadlar törədib FOTOLAR

Gecə saatlarından başlayan leysan yağışları yenidən Lənkəran və Masallı rayonlarında daha ciddi problemlərə səbəb olub. SİA-nın Cənub bürosunun məlumatına görə, hər iki rayonun bir sıra yaşayış məntəqələrində evləri, həyətyanı və əkin sahələrini su basıb.

Leysan yağışları nəticəsində Lənkərançayda və ərazilərdə mövcud olan çaylarda, kanallarda və suaxar arxlarda güclü selin əmələ gəlməsi nəticəsində Yuxarı Nüvədi və Sütəmurdov kəndələrində sahilyanı evlər su altında qoyub, həmin ərazidə 18 evin sakinləri köçürülüb.

Bundan başqa Bürcəli çayının daşması nəticəsində çay sahili boyu 15 evi və həyətləridə su basıb. Şürük kəndi ərazisində məhələdaxili kiçik çayların daşması nəticəsində 20 ev su altında qalıb. İstisu qəsəbəsində çayın daşması nəticəsində çay sahili evlər su altında qaldığından 100 ailə təhlükəsiz yerə köçürülüb. Qəsəbənin mərkəzində Lənkəran-İstisu-Havzava yaşayış məskənlərini birləşdirən yeganə magistral avtomobil yolu üzərindəki dəmir-beton konstruksiyalı körpü, Havzava kəndində digər dəmir-beton konstruksiyalı körpü uçub. Girdəni kəndi ərazisində Girdəniçayı daşaraq çay sahili evləri ağuşuna alıb. Hazırda həmin ərazidən 200 evin sakinlərinin köçurulməsinə başlanılıb. Selin səviyyəsi artmaqda davam edir.

Vilvan kəndi ərazisində Vilvançay daşaraq, 50-yə yaxın ev su altında qalıb, çayın üzərindəki dəmir-beton konstruksiyalı avtomobil körpünün bir hissəsi ucuraraq yararsız vəziyyətə salıb, nəticədə 120-dən çox ailənin yaşadığı məhəllə ilə əlaqəsi kəsilib. Veravul çayında selin səviyyəsi çox qalxdığından Lənkəran-Masallı magistral avtomobil yolu üzərindəki körpü qəzalı vəziyyətə düşüb.Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlandığından nəqliyyat əlaqəsi kəsilib.

Jidi-Gəgiran kəndləri arasında torpaq uçqunu nəticəsində kəndara yolu bağlanıb, üc piyada körpüsünü sel yuyub aparıb. Girdəni kəndi ilə İstisu qəsəbəsini birləşdirən yeganə magistral avtomobil yolunun bəzi yerləri yarağanların uçması nəticəsində istifadə üçün təhlükəli vəziyyətə düşüb. Havzava kəndi ərazisində Havzava gölünün qoruyucu bəndinin isə uçmaq təhlukəsi yaranıb. Siyobili kəndində avtomobil körpüsünü sel dağıdıb.

Sel suları həmçinin rayonun Şağlaser, Xarxatan, Cil kəndlərinin, həmçinin qonşu Masallı rayonunun Mahmudavar, Mollaoba kəndlərinin, Boradigah qəsəbəsinin sakinlərinə də cidd ziyan vurub.

Yerli icra strukturları tərəfindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə