"Burda müsbət cəhət odur ki, bu sui-istifadə hallarını azaldacaq". Bu sözləri SİA-ya iqtisadçı ekspert Rəşad Əliyev Prezident İlham Əliyevin "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqda imzaladığı fərmana açıqlama gətirərkən deyib.
İqtisadçı "Azərbaycan İpoteka Fondu" ASC-nin yaradılmasının bizə nələr vəd edəcəyindən danışıb: "Əvvəlki qurumdan fərqli olaraq fond hər hansısa qurumun struktur vahidi kimi yox, məhz müstəqil ASC kimi fəaliyyət göstərəcək. İlk dəfə olaraq ipoteka ilə alınan mənzillərin 1 kv.m. qiymətinə məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, alınacaq yaşayış sahəsinin 1 kv.m. qiyməti ipoteka kreditinin verilmə tarixinə həmin satış ərazisində 1 kv.m.-in orta bazar qiymətindən artıq olmamalıdır. Orta qiymət zonalar üzrə müəyyən ediləcək və onun müəyyən edilməsi qaydasını Nazirlər Kabineti 1 ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq edəcək".
Onun sözlərinə görə, bazar dəyərinin dəyişkənliyi də nəzərə alısa müəyyən edilmiş göstəricilər dövrü olaraq yeniləcək: "Dəyər məhdudiyyəti ancaq ekonom sinfinə aid və orta yerləşmə şəraiti olan mənzillərin alınmasına şərait yaradacaq. Çünki yaxşı yerləşməsi olan mənzillər 1 kv.m.-in qiyməti orta bazar qiymətindən yüksək olur. Burda müsbət cəhət odur ki, bu sui-istifadə hallarını azaldacaq. Bununla yanaşı güzəştli şərtlərlə dəbdəbəli mənzil alınmasının qarşısı alınacaq.
Bununla yanaşı kredit təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilə bilər".
Rəşad Əliyev 4.2. maddənin xüsusi maraq qəsb etdiyini bildirib: "Belə ki, fərmanın 4.2. maddəsində göstərilir ki, Nazirlər Kabineti çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Burdan belə başa düşmək olar ki, ipoteka kreditləri tikintisi başa çatmış mənzillərə veriləcək, yəni əvvəlcədən güman edildiyi kimi yarımçıq tikililərə yox. Buna görə də Nazirlər Kabinetinə tapşırılır ki, tikintiyə icazələrin və binaların istismara qəbul edilməsi prosedurlarını sadələşdirsin. Yarımçıq tikililərə ipoteka kreditlərinin verilməsi imkanları uzaq gələcək uçun saxlanılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB