AMEA 70 illik yubileyinə hazırlaşır

AMEA 70 illik yubileyinə hazırlaşır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində ölkə başçısının Sərəncamından irəli gələn 70 illik yubiley tədbirinə hazırlıq işləri ilə bağlı geniş müşavirə keçirilib. SİA-ya verilən məlumata görə, AMEA-nın 70 illik yubileyi üzrə İşçi Qrupunun iştirakı ilə təşkil olunan müşavirədə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edib. Yubileyin əhəmiyyətindən danışan akademik tədbirin AMEA tarixinə önəmli gün kimi yazılacağını, sözügedən tədbirin Azərbaycan elminin təbliğinə, ölkə miqyasında elmimizin özünəməxsus yer tutmasına töhfə verəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirə hazırlıqla əlaqədar artıq bir çox işlərin yüksək səviyyədə görüldüyünü deyən R.Əliquliyev bütün elmi müəssisələrin buna səfərbər olunduğunu, institut və təşkilatların fəaliyyətini, eləcə də Akademiyanın 70 ildə keçdiyi yolu əks etdirən videoroliklərin, filmlərin hazırlandığını, yubileylə bağlı nəşrlərin çapa hazır vəziyyətə gətirildiyini bildirib. Qeyd olunub ki, 70 illik yubileyə həsr olunan, o cümlədən Akademiyanın fəaliyyət istiqamətləri, AMEA-nın müxtəlif sahələrə verdiyi töhfələr, son illər qazandığı uğur və əldə etdiyi nailiyyətlərdən bəhs edən sosial çarx artıq şəhərin mərkəzi küçələrindəki iri monitorlarda yayımlanır. Tədbirdən bir neçə gün öncə nəzərdə tutulan sərgidə nümayiş ediləcək məhsullar, bukletlər, qiymətli kitablar, yeni nəşlər, elmi bölmələrin güşələri daxilində elmi müəssisələrin fəaliyyətini özündə ehtiva edən videoroliklər üzərində iş davam etdirilir.

Müşavirədə yubileyə son hazırlıq işləri ilə bağlı təkliflər səsləndirilib, hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə akademik-katib əlavə tədbirlərin həyata keçirilməsinə dair tövsiyyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə