Bu gün Zəngilanın işğalından 22 il ötür. 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun - Zəngilanın işğalını başa çatdırıblar. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 700 kvadrat km, əhalisi isə 35 mindən çox olub.
Azərbaycanın cənub-qərbində yerləşən Zəngilan Ermənistan və İranla həmsərhəddir. Rayon ərazisinin əsas hissəsi dağlardan və çaylardan ibrətdir. Zəngilanda qızıl, tikinti daşları və əhəng kimi faydalı qazıntılara malikdir. Dünyada sayılıb seçilən bir neçə çinar meşəsindən biri də bu rayonda yerləşir.
Zəngilan rayonu eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 81 kənddən ibarətdir. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min tom kitab saxlanılan 50 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı- üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. 1988-ci ildə Zəngilan rayonu 1,1 min ton tütün, 16,3 min ton üzüm və 4,6 ton taxıl istehsal edib. Bir heyvandarlıq rayonu olaraq, Zəngilanda 1989-cü ilin məlumatına görə, 18 min baş iri, 94,9 min baş xırdabuynuzlu mal-qara olub. Həmin il 519 ton ət, 3063 ton süd, 20 ton yun istehsal edilib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.
Zəngilan birinci Qarabağ savaşında 188 şəhid verib. Bugünədək rayonun 44 sakini itkin düşmüş sayılır. Zəngilanın işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Beləliklə, rayon özünümüdafiə dəstələrinin ümidünə qalıb. Lakin onlar da erməni silahlı birləşmələrinin qarşısında aciz olublar. Nəhayət, erməni tankları dörd tərfdən rayona hücuma keçiblər. Ermənilərin Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyi alınmayıb. Belə ki, sakinlər cəld tərpənərək özlərini Araz çayına atmaqla İran ərazisinə keçiblər və bununla da gözlənilən növbəti soyqırımından xilas olublar.
Zəngilan haqda bildiklərimiz
Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə yerləşən Zəngilan rayonunun işğalından 22 il keçir. Rayon 1993-cü il 29 oktyabr tarixində ermənilər tərəfindən işğal olunub.
Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malik olmaqla, təbii iqlim şəraitinə və münbit torpağına görə zəngin meşə və hər növ bitki örtüyü ilə xarakterikdir.
Rayonda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları yayılıb.
Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan və diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 2 ədəd şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunurdu. Həmçinin, ərazidə meşə gilası, Zəngilan gəvəni, dağdağan, ağac gəndalaş, meşə üzümü, "xarı bülbül", səhləbin bir necə növü, Qarabağ dağlaləsi və sağsağan gülxətmisi kimi nadir bitkilər geniş yayılıb.
Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Yesentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları var idi.
Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini "ölü zonaya" çevirmiş, nəticədə çay suyunda formalaşmış mikroflora və fauna məhv olmuş, çayın öz-özünü təmizləmə prosesi dayanıb.
Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədib, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırıb, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar və şam ağaclarını tamamilə qırıblar.
Daşbaşı və Leşkar meşələrində 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınmış və ərazi yandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB