"Azərişıq"dan smart kart sistemi ilə bağlı Açıqlama

"Azərişıq"dan smart kart sistemi ilə bağlı Açıqlama

"GSM texnologiyalı sayğaclar bu sahədə tətbiq edilmiş ən müasir vasitədir". Bu sözləri SİA-ya açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Tanrıverdi Mustafayev smart kartla istifadə edilən sayğaclarla və GSM tipli sayğacların fərqinə açıqlıq gətirib.

Onun sözlərinə görə, Azərbaycanda xüsusilə Bakı şəhərində GSM texnologiyalı sayğaclar var və işıq enerjisinin hesablanmasında bu sayğaclardan istifadə olunur: "GSM texnologiyalı sayğaclar vasitəsilə şəffaf, dəqiq və daha keyfiyyətli xidmət təqdim olunur. Yəni burada əlavə insan faktoru aradan qaldırılır. Vətəndaş istifadə etdiyi enerji həcmini birbaşa olaraq öyrənə bilir və bununla da istədiyi zaman ödəniş edir. Buna görə də smart kartla çalışan sayğacların tətbiqinə ehtiyac duyulmur".

O bildirib ki, smart kartla istifadə olunan sayğaclardan daha çox bölgələrdə istifadə edilir: "Məhz bu sahədə ən son tətbiq olunan vasitələr GSM tipli texnologiyalardır. Bu texnologiyanı kənarda qoyub smart kartla çalışan sayğacları tətbiq etmək düzgün olmazdı".

Qeyd edək ki, GSM texnologiyaları əsasında işləyən sayğaclar SMS (qısa məlumat) vasitəsilə idarə edilir. Sayğac üzərində yerləşdirilən GSM modemi vasitəsilə sayğaca ödəniş haqqında məlumat göndərilərək balans yüklənir. Sayğaca edilən ixtiyari müdaxilə həmin andaca təsbit edilir və SMS vasitəsilə mərkəzə ötürülür. Həmin məlumatlar mərkəzi sistem tərəfindən saxlanılaraq əlaqədar orqanlara ötürülür. Bu, elektrik enerjisinin istifadə qaydalarını pozan abunəçilər haqqında operativ tədbir görülməsinə imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə